AZ

Financial Times: İran müharibəsi Rusiyaya milyardlarla dollar qazandırır

Yaxın Şərqdə İran ətrafında baş verən hərbi gərginlik qlobal enerji bazarını sarsıtsa da, bəzi ölkələr üçün bu vəziyyət ciddi iqtisadi qazanc mənbəyinə çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nüfuzlu Financial Times qəzetinin hesablamalarına görə, İran ətrafında başlayan müharibə fonunda qlobal enerji bazarındakı dəyişikliklər Rusiyaya ciddi maliyyə qazancı gətirib.

Qəzet yazır ki, müharibə başlayandan sonra Rusiya neft ixracından əldə etdiyi vergi gəlirləri hesabına artıq 1,9 milyard dollara qədər əlavə qazanc əldə edib. Nəşr bu nəticəni sənaye məlumatları və bir neçə analitikin qiymətləndirmələri əsasında hesablayıb.

Financial Times analitiklərinə görə,  mart ayının sonuna qədər Rusiya hökumətinin bu mənbədən əldə etdiyi əlavə gəlir 3,3–4,9 milyard dollar arasında ola bilər.

Yük daşımalarını izləyən Kpler şirkətinin məlumatına görə, hazırda xeyli həcmdə Rusiya nefti dənizdədir və əsas istiqamət Hindistandır. Analitiklər bildirirlər ki, tankerlərin böyük hissəsi Hind okeanı vasitəsilə Hindistan limanlarına doğru hərəkət edir.

Şirkətin məlumatına əsasən, 12 mart tarixinə Hindistanın Rusiyadan gündəlik neft idxalı 1,5 milyon barrel təşkil edib ki, bu da ötən ayın əvvəli ilə müqayisədə 50 faiz artım deməkdir.

Kpler-in Nyu-Dehlidə fəaliyyət göstərən aparıcı analitiki Sumit Ritoliya bildirib ki, mövcud tədarük qrafikləri və bazar şəraiti dəyişməz qalsa, mart ayı üzrə Rusiya neftinin ümumi ixracı gündə təxminən 2 milyon barrelə çata bilər.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Rusiya bu münaqişənin əsas qazanan tərəflərindən biridir.

Energetika və Təmiz Hava Araşdırmaları Mərkəzinin analitiki Vaibhav Raghunannın fikrincə,  Hörmüz boğazının bloklanması qlobal enerji bazarlarında ciddi qarışıqlıq yaradıb. Onun sözlərinə görə, bu vəziyyət hər ay 60 milyon ton xam neft və 7 milyon ton mayeləşdirilmiş təbii qazın bazardan çıxması riskini yaradır.

Analitik əlavə edib ki, ABŞ və İsrailin İrana zərbələrindən sonra Hindistan və Çinin Rusiyadan enerji idxalı bir həftə ərzində 22 faiz artıb. Bu göstərici fevral ayının orta gündəlik səviyyəsi ilə müqayisədə xeyli yüksəkdir.

Beləliklə, Financial Times qeyd edir ki, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub və bu vəziyyət Rusiyanın neft ixracından əldə etdiyi gəlirlərin artmasına şərait yaradıb.

Musavat.com

Seçilən
47
50
musavat.com

10Mənbələr