AZ

Serbiya NATO-ya qoşulmayacaq və neytrallığını qorumaq niyyətindədir

Belqrad NATO ilə münasibətlərini saxlayır, lakin neytral qalmaq niyyətindədir və Şimali Atlantika Alyansına qoşulmayacaq.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə Belqrad prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasında bildirib.

"NATO ilə bağlı bizim sivil münasibətlərimiz var, amma NATO-ya qoşulmayacağıq; neytral qalacağıq. Tezliklə birgə təlimlərimiz də olacaq və biz onlarla münasibətləri qorumaq üçün hər şeyi edəcəyik. Heç bir düşmənçilik istəmirik və belə bir şey olmayacaq. Amma Zaqreb Serbiyanın hansı silahlara sahib olacağına və Serbiyanın bütövlüyünü necə qoruyacağına qərar verə bilməz. Mən prezident olduğum müddətdə buna Zaqreb qərar verməyəcək", - Vuçiç bildirib.

A. Vuçiç çıxışı zamanı Xorvatiyanın baş naziri Andrey Plenkoviçin Serbiyanın silahlanması barədə NATO-nu xəbərdar edəcəyinə dair açıqlamasını da şərh edib: "Mən əhali sayına və ərazisinə görə kiçik bir ölkənin prezidentiyəm. Donald Tramp və ya Vladimir Putin kimi hər şeyi asanlıqla həll edən böyük prezidentlərdən deyiləm. Mənim üçün asan məsələlər yoxdur. Əlbəttə ki, narahatlıqlarım var. Siyasi mirasımın müharibə və münaqişələr yox, sülh olmasını istəyirəm".

Serbiya Prezidenti vurğulayıb ki, heç bir səbəb olmadan Priştina (bir sıra ölkələr, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb - red), Tirana və Zaqreb arasında hərbi alyans meydana çıxır:

"Bu, hərbi-texniki, hərbi-iqtisadi, hətta sadəcə təkcə hərbi əməkdaşlıq da deyil. Bu, hərbi ittifaqdır. Məndən soruşursunuz ki, qorxuram? Əlbəttə ki, qorxuram. Mən insanların həyatı üçün narahatam. Bu ölkənin hər bir vətəndaşı mənim məsuliyyətimdədir. Ölkədə ilk növbədə sabitliyi qorumalıyam. NATO-nun üzvü olmayan bir qurumla birlikdə hərbi ittifaq yaradılırsa və bunu niyə etdiklərinə dair heç bir izah verilmirsə, mənə bunun səbəbi aydındır. Mən Plenkoviçlə həmişə nəzakətlə danışıram. O dedi ki, bu, Serbiyaya qarşı yönəlməyib. Amma o, eyni zamanda Serbiyanın malik olduğu silahlarla bağlı NATO-nu xəbərdar edəcəyini də söylədi".

A.Vuçiç silahlanma barədə bir ilə yaxındır hekayə dinlədiklərini söyləyib: "Bir ildir ki, belə bir hekayə danışırlar. Guya Serbiya işlənmiş "Rafale" təyyarələri alıb, onlar isə yenilərini alırlar, "Meteor" raketləri əldə edəcəklər, onlar bizdən daha güclüdürlər və biz susuruq. Mən isə deyirəm ki, bəli, siz güclü olduğunuz üçün hərbi ittifaqlar qurmağınız məndə müəyyən dərəcədə narahatlıq yaradır".

Seçilən
111
2
far.az

3Mənbələr