AZ

Azyaşlılar oruc tutsunmu?: İlahiyyatçıdan ÖNƏMLİ AÇIQLAMA

Ramazan ayında bir çox ailələrdə valideynlərin oruc tutması azyaşlı uşaqlara da təsir edir. Onlar böyükləri təqlid edərək oruc tutmaq istədiklərini bildirir və bu, valideynlər üçün həm sevindirici, həm də düşündürücü bir vəziyyət yaradır.

Bəs azyaşlıların oruc tutması dini baxımdan necə qiymətləndirilir və bu məsələdə valideynlər hansı məqamlara diqqət etməlidirlər?

Əkrəm

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov deyib:

“Ramazan ayı ailə mühitində xüsusi bir mənəvi ab-hava yaradır. Evdə valideynlərin oruc tutması, iftar süfrəsinin qurulması, dua və ibadətlərin artması uşaqların diqqətindən yayınmır. Uşaqlar təbiətən gördüklərini təqlid etməyə meyilli olduqları üçün çox vaxt valideynlərinə baxaraq ‘mən də oruc tutmaq istəyirəm’ deyirlər. Bu vəziyyət bir tərəfdən sevindiricidir. Çünki uşağın qəlbində ibadətə marağın oyanması onun mənəvi inkişafının başlanğıcıdır”.

“Digər tərəfdən isə valideynlər bəzən tərəddüd edirlər. Görəsən, uşağın oruc tutmasına icazə vermək doğrudurmu, yoxsa bu onun sağlamlığına zərər verə bilərmi? Bəzi valideynlər isə uşaqlarını oruc tutmağa məcbur edirlər ki, bu, doğru yanaşma deyil.

Bilmək lazımdır ki, İslam hüququ bu məsələyə çox aydın və eyni zamanda mərhəmətli yanaşır. Quranda buyurulur ki, Allah insanlara çətinlik deyil, asanlıq istəyir. “Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir” (Bəqərə, 185). Ramazan orucunun vacibliyi də məhz bu ayədə qeyd olunur və eyni ayə ibadətin insanın gücünü aşmamalı olduğunu göstərir. İslamın əsas hüquqi prinsiplərindən biri də budur ki, dini vəzifə yalnız mükəlləf olan insana aid edilir. Mükəlləf isə ağlı və bədəni yetkin olan şəxsdir”, — deyə ilahiyyatçı əlavə edib.

“Peyğəmbər Məhəmməd (s.ə.s) bir hədisində buyurur ki, üç nəfərdən məsuliyyət qaldırılmışdır: yatandan oyanana qədər, uşaqdan həddi-büluğa çatana qədər, ağlını itirəndən ağlı qayıdana qədər. Bu hədis İslam hüququnda əsas prinsiplərdən biri kimi qəbul edilir və göstərir ki, azyaşlı uşaqlara dini ibadətlər vacib deyil. Onların oruc tutmaması günah sayılmır. Bu baxımdan valideynlər uşaqları məcbur etməməlidirlər”, — deyə Ə. Həsənov valideynlərə bildirib.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
47
konkret.az

1Mənbələr