AZ

ÜST-ün baş direktoru: Beynəlxalq təşkilatlar hələ də ötən əsrin metodları ilə idarə olunur

BAKI, 12 mart. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyə imkanları genişləndirilib və qurumun fəaliyyətində yeni transformasiya mərhələsinə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanı bildirib.

Təşkilat rəhbəri qlobal idarəetmə sistemindəki lənglikləri tənqid edərək, müasir çağırışların köhnə yanaşmalarla həllinin mümkün olmadığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, mövcud bürokratik maneələr beynəlxalq qurumlara olan etimadı sarsıdır:

"Çoxtərəfli təşkilatların fəaliyyət mexanizmləri hələ də İkinci Dünya müharibəsindən sonrakı dövrün reallıqlarını əks etdirir. Biz artıq bu arxaik üsullardan imtina etməli, daha dinamik və çevik sistemə keçməliyik. Proseslərin ləngliyi çoxtərəfliliyə olan inamı azaldır".

Qebreyesus vurğulayıb ki, Ümumdünya Səhiyyə Assambleyasında üzv ölkələrin nümayiş etdirdiyi dəstək sayəsində təşkilatın büdcəsi 50 faiz artırılıb.

Baş direktorun fikrincə, bu maliyyə sıçrayışı quruma kənar təsirlərdən asılı olmayaraq müstəqil qərarlar vermək və islahatları dərinləşdirmək üçün mühüm mandat tanıyır.

Seçilən
59
teleqraf.com

1Mənbələr