AZ

Buraxılış imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ: Əgər suallar çətin olsa...

Son günlər keçirilən buraxılış imtahanlarının çətinlik dərəcəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Həm abituriyentlər, həm valideynlər, həm də müəllimlər sosial şəbəkələrdə imtahan suallarının gözləniləndən daha çətin olduğunu və bəzi hallarda proqramdan kənar kimi göründüyünü iddia edirlər. Bu fikirlər fonunda imtahan nəticələrinin obyektivliyi və abituriyentlərin biliklərinin düzgün qiymətləndirilməsi məsələsi də gündəmə gəlib. Bəs yaranan narahatlıqlar nəzərə alınaraq imtahan suallarının çətinlik dərəcəsi yenidən təhlil oluna və ya zərurət yaranarsa buraxılış imtahanları təkrar keçirilə bilərmi?

News365.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart tarixində 58 mindən çox abituriyent üçün birinci istiqamət üzrə buraxılış imtahanı keçirilib.

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Onun sözlərinə görə, bəzi abituriyentlər bu imtahana qeyri-ciddi yanaşırlar:

“Çox təəssüf ki, buraxılış imtahanına qeyri-ciddi yanaşan şəxslər çoxdur. Halbuki bu imtahan ali məktəblərə qəbul prosesinin birinci mərhələsidir. Bəziləri bunu sadəcə attestat imtahanı kimi qəbul edir. Abituriyentlər başa düşməlidirlər ki, 700 ballıq sistemdə buraxılış imtahanından 300, blok imtahanından isə 400 bal toplamaq mümkündür. Ona görə də bu mərhələyə ciddi hazırlaşmaq lazımdır”.

Ekspert qeyd edib ki, abituriyentlərin sualları çətin hesab etməsinin əsas səbəblərindən biri yeni tip tapşırıqlarla qarşılaşmalarıdır:

“Bəzən abituriyentlər asan öyrəndikləri suallardan fərqli tapşırıq görəndə sualların çətin olduğunu düşünürlər. Halbuki imtahanda təqdim olunan sualların mütləq şəkildə test toplularında və ya sinif testlərində eyni formada olması kimi bir qayda yoxdur. Suallar bazasına daim yeni tapşırıqlar əlavə olunur və imtahanlar da həmin baza əsasında hazırlanır”.

Elçin Əfəndi vurğulayıb ki, imtahan suallarının tədris proqramından kənar olması ilə bağlı iddialar əsaslı deyil:

“Heç kim deyə bilməz ki, bu mövzu proqramda yoxdur və ya tədris olunmayıb. Bəzən bəzi hazırlıq mərkəzləri abituriyentləri yalnız sadə suallar üzərindən imtahanlara yönləndirirlər. Orada yüksək bal toplayan abituriyentlər elə düşünürlər ki, buraxılış imtahanında da eyni nəticəni göstərəcəklər. Amma imtahan sualları sadə, orta və çətin səviyyədə hazırlanır”.

Ekspert bu il də yüksək nəticə göstərən abituriyentlərin olacağını istisna etməyib. Onun sözlərinə görə, əvvəlki illərdə də oxşar situasiyalar yaşansa da, yüksək nəticə əldə edənlər olub:

“Bu il imtahan verən abituriyentlər iki il əvvəl də imtahan vermişdilər və həmin vaxt 26 nəfər maksimal nəticə əldə etmişdi. Bu il də yüksək bal toplayan abituriyentlərin olacağını düşünürəm. 58 min nəfər arasında maksimal nəticə göstərənlərin çıxması mümkündür”.
İmtahanların yenidən keçirilməsi məsələsinə toxunan ekspert bildirib ki, belə qərar yalnız ciddi səbəblər olduqda qəbul edilə bilər:

“İmtahanın yenidən keçirilməsi yalnız texniki və ya elmi xətalar olduqda, yaxud fors-major hallar səbəbindən imtahanın normal keçirilməsi mümkün olmadıqda gündəmə gələ bilər. Hazırda isə nəticələr elan olunmayıb. İmtahanın çətin və ya asan olduğunu da məhz nəticələr açıqlanandan sonra daha obyektiv qiymətləndirmək mümkün olacaq”.

Seçilən
109
50
news365.az

10Mənbələr