BMT Təhlükəsizlik Şurasında veto hüququ təşkilatın effektiv fəaliyyətinə ciddi maneələr yaradır.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın sabiq Baş naziri və Avropa Komissiyasının sabiq prezidenti Romano Prodi XIII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində deyib.
Onun sözlərinə görə, elə bu səbəbdən qurumun qlobal təsir gücü getdikcə azalır: “Birləşmiş Millətlər Təşkilatı tarixən dekolonizasiya prosesində, sülhməramlı missiyalarda və xüsusilə Afrikada bir çox faciələrin qarşısının alınmasında mühüm rol oynayıb. Bu təşkilat uzun illər beynəlxalq əməkdaşlığın əsas platformalarından biri olub. Böyük güclər arasında yaranan münaqişələrin demək olar hamısı Təhlükəsizlik Şurasına çıxarılsa da, veto hüququ səbəbindən real nəticələr əldə etmək çox vaxt mümkün olmur”.
Prodi bildirib ki, Şura iclaslarında əsas məsələ qərarın neçə səs toplayacağı deyil, hansı ölkənin veto hüququndan istifadə edəcəyidir.
O qeyd edib ki, qlobal güc balansında dəyişiklikləri nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin – xüsusilə Latın Amerikası və digər Qlobal Cənub regionlarının Təhlükəsizlik Şurasında daha çox təmsil olunması ilə bağlı təkliflər irəli sürülüb və bu ideya müəyyən mənada əsaslıdır.
Bununla belə, Prodi hesab edir ki, veto hüququ saxlanıldığı halda yeni üzvlərin əlavə edilməsi vəziyyəti daha da çətinləşdirə bilər. Onun fikrincə, veto imkanlarının artması qərar qəbul etmə prosesini daha da iflic edə və təşkilatın effektivliyini zəiflədə bilər. Sabiq baş nazir çıxışında Avropa İttifaqının inkişaf təcrübəsinə də toxunaraq bildirib ki, Avropada irəliləyiş məhz əməkdaşlıq və kompromislər nəticəsində mümkün olub.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların da effektiv fəaliyyət göstərməsi üçün qərarların bloklanmasına imkan verən mexanizmlər yenidən nəzərdən keçirilməlidir.
"Cebheinfo.az"