AZ

Paşinyan Vensə kitab hədiyyə edən muzey direktorunu işdən qovdu- FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Erməni Soyqırımı Muzeyi-İnstitutunun direktoru Edita Gzoyanın vəzifədən getməsi onun göstərişi ilə baş verib.

Bizim.Media xəbər verir ki, Paşinyan martın 12-də hökumətdə keçirilən brifinqdə deyib ki, Gzoyanın istefasını istəməsinin səbəbi onun ABŞ vitse-prezidenti Vensə Qarabağ mövzusu ilə bağlı kitab hədiyyə etməsi olub.

Baş nazirin sözlərinə görə, Ermənistanın xarici siyasətini yalnız hökumət müəyyən edir və dövlət məmurları bu siyasətə zidd addımlar ata bilməz.
 

“Ölkənin baş naziri Qarabağ hərəkatının artıq mövcud olmadığını bildirirsə, xarici qonağa Qarabağ mövzusu ilə bağlı kitab hədiyyə etmək nə deməkdir? Ermənistanda xarici siyasəti hökumət həyata keçirir və bu siyasətə zidd hərəkət edən istənilən dövlət məmuru işdən çıxarılmalıdır”, – deyə Paşinyan bildirib.


Jurnalistlərin “muzey direktorunun ABŞ vitse-prezidentinə Qarabağ haqqında kitab hədiyyə etdiyinə görə işdən çıxarıldığı” barədə sualına cavab verən Paşinyan bunu təsdiqləyib.

“Bəli, bu mənim göstərişimlə baş verdi. Mən ondan istefa ərizəsi yazmağı xahiş etdim. Bunu hökumətin xarici siyasətinə zidd və təxribat xarakterli addım hesab etdim”, – deyə baş nazir vurğulayıb.
 

Xatırladaq ki, Erməni Soyqırımı Muzeyi-İnstitutunun direktoru Edita Gzoyan istefa ərizəsi təqdim edib. Yerli mətbuatın yazdığına görə, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan ona istefa verməyi təklif edib və əks halda işdən çıxarılacağı barədə xəbərdarlıq edib.


Məlumata görə, Gzoyan həmin kitabı ABŞ vitse-prezidenti JD Vanceə, onun Erməni Soyqırımı Memorial Kompleksinə səfəri zamanı təqdim etmişdi.


Bizim.Media

Seçilən
84
3
bizim.media

4Mənbələr