AZ

Epşteynin mühasibi: “Bu barədə yalnız onun ölümündən sonra xəbər tutdum”

Amerikalı maliyyəçi və məhkum edilmiş milyarder Jeffrey Epşteynin mühasibi bildirib ki, o, iş fəaliyyəti dövründə Epşteynin törətdiyi cinsi zorakılıqlar barədə məlumatlı olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CBS News ABŞ Konqresində keçirilən qapalı dinləmələrə istinadən məlumat yayıb.
 

Epşteynin mühasibi Richard Kahn bildirib ki, milyarderin maliyyə əməliyyatlarında işlədiyi dövrdə heç bir şübhəli maliyyə hərəkəti müşahidə etməyib və onun cinsi istismar fəaliyyəti barədə məlumatı olmayıb.


Kahn qeyd edib ki, Epşteynin illik xərcləri çox yüksək idi və onun şirkətlərində çoxsaylı əməkdaş çalışırdı. Onun sözlərinə görə, Epşteynin qadınlara və kişilərə etdiyi hədiyyələr ümumi xərclərinin yalnız kiçik bir hissəsini təşkil edirdi və bu səbəbdən həmin ödənişləri potensial insan alveri və ya istismar əlaməti kimi qiymətləndirməyib.

“Epşteynin bu qədər çox qadına qarşı törətdiyi zorakılıqların mahiyyəti və miqyası barədə yalnız onun ölümündən sonra xəbər tutdum”, – deyə Kahn bildirib.

O əlavə edib ki, əgər həmin “dəhşətli əməllər” barədə əvvəldən məlumatı olsaydı, dərhal işdən ayrılardı.
 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri James Comer dinləmələrdən sonra bildirib ki, Kahn Epşteynin bir sıra tanınmış şəxslərlə maliyyə əlaqələrinin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, həmin şəxslər arasında milyarderlər Les Veksner, Glenn Dubin, Steven Sinofsky, eləcə də Rothschild ailəsi və Leon Black də var.


Komitə üzvü Robert Garcia isə Kahnın ifadələrinin bəzi məqamlarına şübhə ilə yanaşıb. O bildirib ki, Kahn Epşteynlə əlaqəli şəxslər arasında saxta nikah təşkil etməyə kömək etdiyini və bəzi hallarda banklarla ünsiyyətdə özünü Epşteyn kimi təqdim etdiyini etiraf edib.

Qeyd edək ki, Jeffrey Epşteyn onlarla azyaşlı qıza qarşı cinsi zorakılıqda və geniş miqyaslı istismar şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten istintaq təcridxanasında saxlanıldığı kamerada ölü tapılmışdı.

ABŞ Ədliyyə Nazirliyi və FBİ (Federal Bureau of Investigation) tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, Epşteynin kamerada intihar etdiyi bildirilmişdi.

Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr