Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dövlətə məxsus olan hüquqi şəxslər maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilirlər.
Oxu.Az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, sözügedən məsələ ilə bağlı hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək müəyyənləşib.
Layihəyə əsasən isə bütün hallarda cərimə inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində müəyyən ediləcək.
Məcəllənin 410-cu maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir.
Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Məlik Məlikov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.