AZ

Kəlağayı-Azərbaycan qadınının mədəni simvolu

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqının milli-mədəni irsi əsrlər boyu formalaşmış zəngin dəyərlər sistemini özündə birləşdirir. Bu irs təkcə tarixi abidələrdən və yazılı mənbələrdən ibarət deyil, həm də xalqın gündəlik həyatında, məişətində və estetik düşüncəsində yaşayan ənənələrdən ibarətdir. Azərbaycan qadınının milli geyim mədəniyyətində xüsusi yer tutan kəlağayı da belə dəyərlərdən biridir. İpəkdən hazırlanan bu zərif baş örtüyü təkcə geyim elementi deyil, həm də qadın zərifliyinin, mənəvi dəyərlərin və milli kimliyin simvolu kimi qəbul edilir.

Tarix boyu Azərbaycan qadınları üçün kəlağayı yalnız bəzək əşyası olmayıb. Bu baş örtüyü həm də sosial münasibətlərin, mədəni ənənələrin və ailə dəyərlərinin daşıyıcısı olub. Xalq arasında formalaşmış adət-ənənələrdə kəlağayı qadının ləyaqətini və ailə statusunu ifadə edən mühüm atributlardan biri sayılırdı. Qadınlar müxtəlif mərasimlərdə və gündəlik həyatda kəlağayıdan istifadə edir, onun rəngi və bağlanma forması müəyyən sosial mesajlar daşıyırdı.

Azərbaycanda kəlağayı istehsalı ilə qədim zamanlardan məşğul olunub. Tarixi mənbələr göstərir ki, kəlağayı sənətinin formalaşması Azərbaycanda ipəkçilik ənənələri ilə sıx bağlıdır. Ölkənin müxtəlif bölgələrində ipək istehsalı qədim dövrlərdən geniş yayılıb. Təbriz, Gəncə, Şamaxı, Şəki və Basqalda yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Bu sahədə ən məşhur mərkəzlərdən biri isə Basqal qəsəbəsi olub. Basqal əsrlər boyu kəlağayı istehsalı ilə tanınmış və bu sənət nəsildən-nəslə ötürülərək qorunub saxlanılmışdır.Digər mühüm ipəkçilik mərkəzlərindən biri də Şəki şəhəri olub. Şəki tarixən ipək istehsalı ilə məşhur olan şəhərlərdən biri kimi tanınır və burada hazırlanan ipək məmulatları, o cümlədən kəlağayılar yüksək keyfiyyəti ilə seçilirdi. Bu şəhərdə ipəkçilik ənənələri yüzilliklər boyu inkişaf edərək yerli sənətkarlığın mühüm sahələrindən birinə çevrilmişdir. Hələ orta əsrlərdən ölkəmizdən bəzi ölkələrə kəlağayı ixrac olunub. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

Kəlağayı hazırlanması mürəkkəb və çoxmərhələli prosesdir. Bu sənətdə istifadə olunan əsas material təbii ipək parça hesab olunur. İpək parça əvvəlcə xüsusi üsullarla hazırlanır və daha sonra naxışlama mərhələsinə keçir. Naxışların vurulması üçün xüsusi taxta qəliblərdən istifadə olunur. Bu qəliblər ustalar tərəfindən hazırlanır və hər biri özünəməxsus ornamentlərə malik olur. Ornamentlər əsasən bitki motivləri, həndəsi fiqurlar və simvolik elementlərdən ibarət olur. Kəlağayı üzərindəki naxışlar bir neçə əsas qruplara ayrılırır. Bunlar kəlağayının qıraqları boyunca vurulan və haşiyə əmələ gətirən şəkillər, künclərə və ortaya vurulan təsvirlərdən ibarətdir. Bu təsvirlər və ya naxışlar arasında “buta”nın həmişə özünəməxsus yeri olub. Azərbaycan dekorativ tətbiqi incəsənətində, o cümlədən kəlağayıçılıqda geniş tətbiq olunan bu ornamentin forma və quruluşuna görə, “saya buta”, “əyri buta”, “dilikli (və ya dişli) buta”, “qıvrım buta”, “qarmaqlı buta”, “şabalıd buta”, “badamı buta”, “dik (və ya iti uclu) buta”, “qoşa buta”, “qotazlı buta” və s. kimi növləri məlumdur. Azərbaycanın ayrı-ayrı regionlarında hazırlanan butalar bir çox hallarda elə həmin regionların adları ilə də adlandırılır: “Muğan-buta”, “Bakı-buta”, “Xilə-buta”, “Şirvan-buta” və s. Qəliblər, adətən, meşə armudunun oduncağından hazırlanırdı ki, bu da keyfiyyətinə və möhkəmliyinə görə digər ağac materiallarından üstün sayılır.

Kəlağayı üzərindəki naxışlar yalnız dekorativ xarakter daşımır. Onlar eyni zamanda müəyyən mənalar ifadə edir. Məsələn, bəzi ornamentlər bolluq və bərəkəti, bəziləri isə xoşbəxtlik və harmoniya ideyasını simvolizə edir. Bu baxımdan kəlağayı xalqın dünyagörüşünü və estetik düşüncəsini əks etdirən sənət nümunəsi kimi də qiymətləndirilir.

Rənglər də kəlağayı mədəniyyətində mühüm rol oynayır. Qırmızı və al rəngli kəlağayılar əsasən toy və bayram mərasimlərində istifadə olunurdu. Bu rənglər sevinc və xoşbəxtlik rəmzi hesab olunurdu. Tünd rəngli kəlağayılar isə gündəlik istifadə üçün daha uyğun sayılırdı. Bəzi bölgələrdə kəlağayının rəngi qadının yaşını və ailə vəziyyətini də ifadə edirdi. Bu səbəbdən kəlağayı yalnız geyim elementi deyil, həm də sosial-mədəni informasiya daşıyıcısı idi.

Azərbaycan cəmiyyətində kəlağayı qadın zərifliyinin və mənəvi dəyərlərin simvolu kimi qəbul olunub. Keçmişdə qadının başını örtməsi hörmət və ədəb göstəricisi sayılırdı. Bu baxımdan kəlağayı qadının ictimai davranış qaydalarının da mühüm atributlarından biri kimi çıxış edirdi. Xüsusilə ailə münasibətlərində və ictimai tədbirlərdə bu baş örtüyünün xüsusi yeri olmuşdur.

Kəlağayı xalq arasında müxtəlif rituallarda da istifadə olunurdu. Məsələn, toy mərasimlərində gəlinin başına xüsusi kəlağayı bağlanması ənənəsi mövcud idi. Bu, yeni ailə həyatına qədəm qoyan qadına xoşbəxtlik və bərəkət arzulandığını ifadə edirdi. Bəzi hallarda isə kəlağayı sülh və barış rəmzi kimi istifadə olunurdu. Qədim ənənələrə görə, iki insan arasında mübahisə yarananda qadın kəlağayısını onların arasına ataraq münaqişənin dayandırılmasını istəyirdi.

Müasir dövrdə milli-mədəni irsin qorunması və təbliği dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan dövləti bu sahədə müxtəlif proqramlar və layihələr həyata keçirir. Bu çərçivədə kəlağayı sənətinin qorunması və dünyada tanıdılması istiqamətində də mühüm addımlar atılıb. Xüsusilə 2014-cü ildə UNESCO tərəfindən kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verib. Bu həm böyük mədəni, etnoqrafik hadisədir, həm də xalqımıza məxsus milli dəyərin bəşəriyyətin qiymətli incilərindən biri kimi qorunmasıdır. Kəlağayı sənətinin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi çox vacibdir. 26 noyabrın Azərbaycan Kəlağayısı Günü kimi tarixə düşməsində məhz Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın rolu çox böyükdür. Azərbaycan qadınının milli baş örtüyü olan kəlağayı məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun müvafiq siyahısına daxil edilib. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasında tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanda kəlağayı sənətinin yaşadılması üçün müxtəlif mədəni layihələr həyata keçirilir. Müxtəlif sərgilər, festivallar və ustad dərsləri vasitəsilə bu qədim sənət növü gənc nəsillərə öyrədilir. Eyni zamanda kəlağayı istehsalı turizm və sənətkarlıq baxımından da mühüm potensiala malikdir. Xüsusilə Basqal və Şəki kimi bölgələrdə bu sənətin inkişafı yerli iqtisadiyyat üçün də əlavə imkanlar yaradır.

Son illərdə kəlağayı yalnız ənənəvi geyim elementi kimi deyil, həm də milli brend kimi təqdim olunur. Müasir dizaynerlər kəlağayı motivlərindən istifadə edərək yeni geyim kolleksiyaları yaradır, bu qədim sənəti müasir moda ilə birləşdirirlər. Bu isə həm milli mədəniyyətin qorunmasına, həm də Azərbaycanın mədəni irsinin dünyada tanıdılmasına xidmət edir.

Qloballaşma dövründə milli dəyərlərin qorunması hər bir xalq üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan kəlağayı Azərbaycan xalqının mədəni yaddaşını yaşadan mühüm simvollardan biridir. Onun tarixini, hazırlanma ənənələrini və mənəvi dəyərini qorumaq gələcək nəsillər qarşısında mühüm vəzifədir. Beləliklə, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli kimliyini və estetik dünyasını əks etdirən nadir mədəni irs nümunəsidir. Əsrlər boyu formalaşan bu sənət həm tarixi yaddaşı yaşadır, həm də xalqın mədəni özünüdərkini gücləndirir. Kəlağayı yalnız baş örtüyü deyil, Azərbaycan xalqının zəngin mədəniyyətinin və qadın zərifliyinin rəmzi kimi dəyərini qorumağa davam edir.

Seçilən
36
hafta.az

1Mənbələr