AZ

Türkiyə mediasında Azərbaycanla bağlı mübahisəli iddialar – Nə baş verir?

Yaxın Şərqdə gərginliyin artması və İranın regiondakı addımları fonunda Türkiyə mediasında Azərbaycanla bağlı səsləndirilən bəzi iddialar müzakirələrə səbəb olub.

İranın Türkiyə istiqamətində raket hücumu iddialarından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apararaq hücumu qınaması diqqət çəkib. Ardınca Ərdoğan hökumət iclasında çıxış edərək İranın Naxçıvana yönəlmiş hücumunu pisləyib və “qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik, heç kim səhv hesablar etməsin, qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik” ifadəsini işlədib.

Bu bəyanat xüsusilə son günlər Türkiyə mediasında, o cümlədən hakimiyyətə yaxın bəzi media orqanlarında Azərbaycana qarşı səsləndirilən ittihamlar və iddialar fonunda diqqət çəkir. Müşahidəçilər hesab edir ki, regiondakı geosiyasi proseslər və İran ətrafında formalaşan informasiya mühiti bəzi dairələrdə Azərbaycan haqqında yanlış təsəvvürlərin yayılmasına səbəb olur.

Asif Nərimanlı

Bu barədə NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İranın Naxçıvana hücumu iddialarından sonra Türkiyə mediasında Azərbaycan faktiki olaraq hədəfə çevrilib.

Onun sözlərinə görə, bir çox türkiyəli jurnalist və ekspertlər Azərbaycan tarixini, eləcə də Azərbaycan-İran münasibətlərinin real mahiyyətini kifayət qədər yaxşı bilmirlər.

“Görünən odur ki, bəzi türkiyəli ekspertlər və jurnalistlər İrandakı mövcud rejimin Azərbaycana qarşı illərdir apardığı siyasətdən ya xəbərsizdirlər, ya da bunu görməzdən gəlirlər. Halbuki İran rejimi uzun müddətdir dini kimlik və məzhəb faktorundan istifadə etməklə Azərbaycana təsir göstərməyə çalışıb və bu prosesdə Türkiyənin maraqlarına da zidd addımlar atıb”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, Azərbaycanda nə İsrailin, nə Rusiyanın, nə ABŞ-nin, nə də Avropanın Türkiyənin maraqlarına zidd hər hansı siyasət yürütmək imkanı var. Onun fikrincə, Azərbaycan cəmiyyəti və dövləti buna imkan verməz. Nərimanlı hesab edir ki, regionda Türkiyə-Azərbaycan münasibətlərinə real təhlükə yarada biləcək yeganə faktor İrandakı mövcud rejimin siyasətidir.

Politoloq vurğulayıb ki, İran mediasında bu proseslər tam açıq şəkildə görünməsə də, rejimin Azərbaycan auditoriyasına yönəlmiş xüsusi informasiya resursları mövcuddur:

““Səhər TV” kimi media qurumları və sosial şəbəkələrdə fəaliyyət göstərən bəzi qruplar vasitəsilə Azərbaycana qarşı təbliğat aparılır. Xüsusilə “Hüseyniyyun” kimi radikal qruplaşmaların ideoloji fəaliyyətinin əsasən sosial media platformalarında aparıldığı qeyd olunur”.

Asif Nərimanlı xatırladıb ki, 2020-ci ildə Tovuz döyüşlərindən sonra Azərbaycan auditoriyasına yönəlmiş anti-Türkiyə təbliğatı daha açıq müstəviyə keçdi:

“44 günlük Vətən müharibəsindən sonra isə bu təbliğat daha da gücləndi. Həmin kampaniyada əsas tezislərdən biri Türkiyənin “neo-osmançılıq” ideyası ilə Azərbaycanı guya nəzarət altına almaq istədiyi iddiası idi. Bu çərçivədə birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədəf alındığı geniş informasiya kampaniyası da aparılıb”.

Ekspertin sözlərinə görə, İran rejiminin nə Azərbaycana, nə də Türkiyəyə qarşı strateji planlarında ciddi dəyişiklik müşahidə olunur və regiondakı gərginlikdən sonra da bu siyasətin davam etməsi mümkündür.

“Bu rejimi müdafiə edən bəzi Türkiyə media qurumları isə elə təbliğat aparırlar ki, sanki regionda hücum edən tərəf Azərbaycandır və ya Bakı İranın parçalanmasına çalışır. Halbuki Azərbaycanın marağı parçalanmış İran deyil. Bakı üçün daha önəmli olan, qonşu ölkədə Azərbaycanla normal və proqnozlaşdırıla bilən münasibətlər qura biləcək hakimiyyətin olmasıdır. Təbii ki, bu zaman İranda yaşayan soydaşlarımızın ən azı mədəni hüquqlarının qorunması da əsas şərtlərdən biridir”, – deyə Nərimanlı vurğulayıb.

Siyasi şərhçi hesab edir ki, regiondakı müharibə və geosiyasi proseslərin nəticəsindən asılı olaraq İranda siyasi vəziyyət dəyişə və ya mövcud rejim qalmaqda davam edə bilər. Bu halda Azərbaycanın siyasəti də yaranacaq yeni reallıqlara uyğun şəkildə formalaşdırılacaq.

Tunar
NOCOMMENT.az

Seçilən
23
nocomment.az

1Mənbələr