Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turunun bir oyunu ilə bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, söhbət 22-ci turun “Qarabağ” – “Sabah” oyunundan gedir.
İntizam Komitəsi daha öncə 22-ci turun görüşləri ilə bağlı qərarlarını açıqlasa da, “Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı heç bir qərar verməmişdi. Amma bu gün baş tutan iclasda həmin epizoda da hüquqi qiymət verilib:
Azərbaycan Premyer Liqa, 22-ci tur
“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəza alıb. “Sabah” buna görə 15 000 manat cərimə edilib.
“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası 6000 manat cərimə edilib.
“Qarabağ”ın məşqçisi Zaur Tağızadə də kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası buna görə də 6000 manat cərimə ödəyəcək.
