AZ

“Sürücülük kurslarında qiymətlərin dəyişməsi, kurs müddətinin 10 gündən 1 aya qədər olması vətəndaşların seçim etməsini çətinləşdirir”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son illər sürücülük dərslərinin sayı həddindən artıq artıb. Sosial şəbəkələrdə- hər yerdə reklamlarla rastlaşmaq olar. Qiymətlər günü 15, 20 və ya hətta 30 manat arasında dəyişir, kurs müddətləri isə bir həftədən 10 günə qədərdir. Amma vətəndaş bilmir, hansı kursa müraciət etməlidir.Belə vəziyyətdə seçim edərkən nələrə üstünlük vermək lazımdır və prioritet nə olmalıdır?Vətəndaş bu kursları necə araşdırmalıdır?

Nəqliyyat eksperti Adil Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaxşı təlimçi yalnız maşını idarə etməyi yox, həm də yol hərəkəti qaydalarını öyrədir: “Son illər sürücülük dərslərinə marağın artması ilə yanaşı bu sahədə xidmət göstərənlərin sayı da xeyli çoxalıb. Belə bir deyim də var el arasında, “sükanı nə cür tutursan o cür də davam edirsən”. Sosial şəbəkələrdə demək olar ki hər gün yeni sürücülük kurslarının reklamları ilə rastlaşmaq mümkündür. Qiymətlərin 150 manatdan başlayıb 500 manata qədər dəyişməsi, kurs müddətinin isə 10 gündən bir aya qədər olması vətəndaşların seçim etməsini çətinləşdirir. Bir çox insan ucuz qiymətə və ya qısa müddətə aldanaraq kurs seçir, lakin sonradan anlayır ki əsas məsələ qiymət deyil, keyfiyyətli təlimdir. İstənilən dildə internetdə araşdırsaz görərsiz ki, dünyanın hər yerində öyrənmək üçün müddət 50 saatdan daha çox qeyd olunur. Sürücülük kursu seçərkən ilk növbədə təlimçinin peşəkarlığına diqqət yetirmək lazımdır. Təcrübəli və səbirli təlimçi sürücülük öyrənməyin ən vacib şərtidir. Yaxşı təlimçi yalnız maşını idarə etməyi yox, həm də yol hərəkəti qaydalarını düzgün izah etməyi, real yol vəziyyətlərində necə davranmağı öyrədir. Bu səbəbdən kurs seçərkən təlimçinin neçə illik təcrübəsinin olması, əvvəllər neçə nəfərə dərs keçməsi və şagirdlərin onun haqqında rəyləri vacib göstəricidir. İkinci mühüm məsələ təlimin real yol şəraitində keçirilməsidir. Bəzi kurslar yalnız qısa marşrutlarda və ya boş ərazilərdə təlim keçirir. Halbuki sürücü şəhər daxilində sıx hərəkət, dairələr, svetoforlar, parklanma və müxtəlif yol vəziyyətlərində özünü rahat hiss etməlidir. Buna görə də dərslərin real şəhər şəraitində keçirilməsi çox vacibdir. Avtomobilin texniki vəziyyəti də diqqət yetirilməli məqamlardandır. Təlim maşını saz vəziyyətdə olmalı, əlavə pedallar və təhlükəsizlik sistemləri işlək olmalıdır. Çünki təlim zamanı həm təhlükəsizlik, həm də rahat idarəetmə böyük rol oynayır. Kursun müddəti də düzgün qiymətləndirilməlidir. Bəzi yerlər 7-10 günə sürücülük öyrətməyi vəd edir. Lakin əksər hallarda bu müddət real sürücülük bacarıqlarını tam formalaşdırmaq üçün kifayət etmir. Əsas məqsəd qısa müddətdə dərsi bitirmək deyil, sürücülüyü düzgün və təhlükəsiz şəkildə öyrənməkdir”.

Adil Nəbiyev

Adil Nəbiyev qeyd edib ki, sürücülük yalnız bir bacarıq deyil, həm də məsuliyyətdir: “Vətəndaş kurs seçməzdən əvvəl sosial şəbəkələrdə həmin kurs haqqında yazılan rəyləri araşdırmalı, mümkün olduqda kursda təlim keçmiş şəxslərlə danışmalı və onların təcrübəsini öyrənməlidir. Tanışların və dostların tövsiyəsi də seçim zamanı faydalı ola bilər. Bundan başqa kursun səhifəsində paylaşılan videolar, təlim prosesi və şagirdlərin nəticələri də müəyyən fikir formalaşdırmağa kömək edir. Nəticə olaraq sürücülük kursu seçərkən əsas prioritet qiymət və ya qısa müddət deyil, keyfiyyətli təlim olmalıdır. Peşəkar təlimçi, real yol şəraitində dərs, təhlükəsiz avtomobil və müsbət rəylər düzgün seçim etməyə kömək edən əsas meyarlardır. Unutmaq olmaz ki, sürücülük yalnız bir bacarıq deyil, həm də məsuliyyətdir və bu bacarığın düzgün öyrədilməsi həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Unutmayın ki, bilik həyat qurtarır: həyat sığortanız öz əllərinizdədir. Avtomobil idarəetməyi bir dəfə öyrənirik və bir ömür boyu bizimlə yol yoldaşı olur avtomobilimiz. Elə ona görə də çalışın daha peşəkar təlimçi seçəsiniz ki, yollarda baş verən qəzaların səbəbkarı olmayasınız”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr