Ankara, 11 mart, AZƏRTAC
Türk dünyasının üzləşdiyi regional və qlobal proseslər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət və dövlətlərarası koordinasiyanın gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşündə bildirib.
C.Yılmaz tezliklə Azərbaycanda keçiriləcək TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin ikinci görüşündə gözlənilən iştirakından məmnunluğunu ifadə edib. “Gələn ay Bakıda keçiriləcək görüşdə iştirak etməkdən səmimi-qəlbdən məmnunam. Biz həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin Azərbaycana dəvətini Türk dünyasında həmrəylik və qardaşlığın təzahürü kimi qəbul edirik”, - deyə vitse-prezident qeyd edib.
O, həmçinin Ankaranın Türk dünyasında birlik, həmrəylik və rifah kimi ortaq məqsədlərə çatmaq üçün qətiyyətli səylər göstərməyə davam edəcəyinə əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara