AZ

Körfəz ərəb ölkələri İrana zərbə vuracaqlar - Azərbaycanın Körfəzdəki dostları...



Sədrəddin Soltan: "Azərbaycan bütün münaqişəli məsələlərin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"

Məlum olduğu kimi, Azərbaycanın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə yaxşı münasibətləri var. İran isə hazırda bu ölkələrdə yalnız ABŞ bazalarını deyil, həm də ölkələrin iqtisadi infrastrukturlarını hədəfə alır, neftayırma zavodlarının bombalayır. Körfəz ölkələri İrana cavab zərbələrinə başlasa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

Əgər Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı cavab zərbələrinə başlasa, bu vəziyyət regionda ümumi təhlükəsizlik mühitini gərginləşdirə bilər və bunun dolayısı ilə Azerbaycan üçün də müəyyən təsirləri ola bilər. İlk növbədə regionda hərbi və siyasi gərginliyin artması enerji bazarlarında qeyri-müəyyənlik yarada bilər ki, bu da neft və qaz qiymətlərinə təsir edə bilər. Bu isə enerji ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də riskli təsirlər göstərə bilər.

Digər tərəfdən, İran Azərbaycanın cənub qonşusudur və regionda geniş eskalasiya təhlükəsizlik məsələlərinə də təsir edə bilər. Belə vəziyyətdə Bakı balanslı və ehtiyatlı diplomatik siyasət yürütməyə çalışar. Azərbaycanın Səudiyyə Ərəbistanı və BƏƏ ilə yaxşı münasibətləri olsa da, İranla da qonşuluq və iqtisadi əlaqələr mövcuddur. Buna görə də Azərbaycan adətən tərəflər arasında gərginliyin artmamasına və regionda sabitliyin qorunmasına yönəlmiş mövqe tutmağa çalışa bilər.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələni “Bakı-Xəbər” qəzetinə şərh edərkən bildirib ki, Azərbaycanla Körfəz ölkələri arasında təhlükəsizlik və ya strateji tərəfdaşlıq barədə ayrıca saziş imzalanmayıb. Bununla belə, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenliyinə hörmət etməsi beynəlxalq münasibətlərə uyğun şəkildə qarşılıqlı öhdəlik kimi qəbul olunur.

Onun sözlərinə görə, əgər Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirlikləri İrana cavab zərbələri endirərsə, Azərbaycan diplomatik baxımdan hücuma məruz qalan ölkələri müdafiə edə bilər. Çünki İranın vaxtilə Azərbaycan ərazisinə də zərbələr endirməsi və ərazi bütövlüyünü pozması faktı mövcuddur. Bu səbəbdən Azərbaycan İranın digər ölkələrə qarşı həyata keçirdiyi addımların mahiyyətini yaxşı anlayır və hücuma məruz qalan tərəflərə diplomatik dəstək göstərə bilər.

Eyni zamanda siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prinsipi münaqişəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsidir: "Rəsmi Bakı bütün münaqişələrdə bu mövqeni ardıcıl şəkildə müdafiə edir. Buna görə də İran hakimiyyəti ilə Səudiyyə Ərəbistanı və BƏƏ arasında yarana biləcək mümkün qarşıdurma zamanı Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyəcək".

Sədrəddin Soltan qeyd edib ki, belə bir qarşıdurma həm də İranda yaşayan Azərbaycan türklərinin fiziki təhlükəsizliyi və əmlakı üçün risk yarada bilər. Bu baxımdan rəsmi Bakı Güney Azərbaycanda yaşayan azərbaycanlıların maraqlarını nəzərə alaraq regionda gərginliyin artmasının əleyhinə çıxacaq və tərəfləri qarşıdurmadan çəkinməyə çağıracaq.

O əlavə edib ki, əgər Səudiyyə Ərəbistanı və BƏƏ İranla müharibəyə girmək qərarı versələr, onların buna kifayət qədər canlı qüvvəsi və hərbi resursları var. Buna görə də Azərbaycanın bu məsələdə hər hansı tərəfə canlı qüvvə və ya hərbi texnika ilə yardım etməsinə ehtiyac yoxdur.

Akif NƏSİRLİ

Seçilən
61
50
baki-xeber.com

10Mənbələr