AZ

Türkiyə “Patriot” sistemlərini yerləşdirdi: Yeni müharibə BAŞLAYIR? 

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Türkiyə hava və raket müdafiəsini gücləndirmək üçün əlavə addımlar atıb. Rəsmi Ankara NATO çərçivəsində həyata keçirilən müdafiə tədbirləri çərçivəsində ölkə ərazisində yeni raketdən müdafiə sistemi yerləşdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi bölgədə artan riskləri nəzərə alaraq Malatya şəhərində Patriot hava və raketdən müdafiə sistemi yerləşdirildiyini bildirib. Nazirliyin açıqlamasına görə, sistem artıq ölkənin hava məkanının qorunması üçün tam əməliyyat hazırlığı vəziyyətinə gətirilib.

Rəsmi Ankara həmçinin vurğulayıb ki, vəziyyət diqqətlə izlənilir və NATO və müttəfiq ölkələrlə sıx koordinasiya davam etdirilir. Türkiyə tərəfi regional sabitliyin qorunması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini də qeyd edib.

Məlum olduğu kimi, son dövrlər İran, ABŞ və İsrail arasında gərginlik kəskin şəkildə artıb. Bu qarşıdurma Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ehtimalını gündəmə gətirib və region ölkələri təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıblar.

Məsələ ilə bağlı siyasi ekspert Elçin Xalidbəyli NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Türkiyənin bu addımı regionda artan hərbi risklər fonunda atılmış preventiv təhlükəsizlik tədbiridir. Onun sözlərinə görə, İranla ABŞ və İsrail arasında davam edən qarşıdurma təkcə həmin ölkələrlə məhdudlaşmaya bilər və regionun digər dövlətlərini də təhlükə qarşısında qoya bilər.

Ekspert qeyd edib ki, belə bir qarşıdurma genişlənərsə, raket və pilotsuz uçuş aparatlarının istifadə olunduğu müasir müharibə şəraitində qonşu ölkələr də risk altına düşə bilər: “Yaxın Şərqdə müharibə ehtimalı artdıqca, region ölkələri öz təhlükəsizliklərini gücləndirmək məcburiyyətində qalırlar. Türkiyənin “Patriot” sistemlərini yerləşdirməsi də məhz bu risklərin qarşısını almağa yönəlmiş addımdır. Çünki müasir münaqişələrdə raketlər və pilotsuz aparatların uçuş məsafəsi çox böyükdür və bu, müharibənin təsir dairəsini genişləndirir”.

Elçin Xalidbəylinin sözlərinə görə, NATO üzvü olan Türkiyə üçün əsas təhlükə ehtimallarından biri regionda hərbi qarşıdurmanın genişlənməsi və raket hücumlarının artmasıdır. O qeyd edib ki, belə bir vəziyyətdə hava və raketdən müdafiə sistemləri ölkənin təhlükəsizliyi üçün əsas rol oynayır.

Ekspert hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələr təkcə Türkiyəyə deyil, regionun digər ölkələrinə də təsir göstərə bilər: “Əgər İran, ABŞ və İsrail arasında qarşıdurma daha geniş müharibəyə çevrilərsə, bu, regionun bütün ölkələri üçün təhlükə yarada bilər. Çünki belə münaqişələrdə hərbi əməliyyatlar yalnız bir neçə ölkənin ərazisi ilə məhdudlaşmır. Enerji infrastrukturu, hərbi bazalar və strateji obyektlər müxtəlif ölkələrdə yerləşdiyinə görə risklər də geniş əraziyə yayılır. Türkiyənin atdığı addım həm də NATO-nun bölgədəki təhlükəsizlik strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, alyans regionda mümkün təhlükələrin qarşısını almaq və müttəfiq ölkələrin müdafiəsini gücləndirmək üçün belə addımlar ata bilər”.

Xalidbəyli əlavə edib ki, yaxın dövrdə Yaxın Şərqdə gərginliyin səviyyəsi region ölkələrinin təhlükəsizlik siyasətində əsas istiqamətlərdən birinə çevriləcək və bir çox dövlətlər müdafiə sistemlərini gücləndirmək məcburiyyətində qalacaqlar.

Tunar
NOCOMMENT.az

Seçilən
83
50
nocomment.az

10Mənbələr