Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İranda kürd qruplarının silahlandırılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Musavat.com xəbər verir ki, MHP-nin parlamentdə keçirilən qrup iclasında çıxış edən Baxçalı ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar fonunda regiondakı gərginliyə toxunub.
Baxçalı çıxışında bəzi qüvvələrin İranda daxili qarışıqlıq yaratmaq üçün kürdlərdən istifadə etmək planları ilə bağlı müzakirələri şərh edib və bu iddialara sərt reaksiya verib.
“Kürd qardaşlarımızı meydan sularına göndərmək istəyənlər var. İranı daxildən çökdürməyi planlaşdıran heç bir qüvvə kürdlərdən muzdlu əsgər kimi istifadə etməyəcək, istifadə etməməlidir. Kürdlər qatil deyillər. Kürd qardaşlarım satılmır. Onlardan heç kimin layihələrində lotereya bileti kimi istifadə etmək olmaz”, – deyə MHP lideri bildirib.
Onun sözləri partiya üzvləri tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Baxçalı çıxışında Türkiyə ərazisinə düşən raketlərlə bağlı məsələyə də toxunub. O bildirib ki, regionda gərginliyin daha da artmaması üçün bütün ölkələr məsuliyyətli davranmalıdır.
“Hər ölkə ağlını başına gətirməlidir. Türkiyə qumar oynanılacaq bir ölkə deyil. Biz inanmaq istəyirik ki, qəsdən heç bir hərəkət olmayıb. Təcavüz və ya təxribat olub-olmadığını aydınlaşdıracaq ölkə İran İslam Respublikasıdır”, – deyə o vurğulayıb.
MHP lideri həmçinin Türkiyə ilə İran arasında qarşıdurma yaratmaq istəyən qüvvələrə də diqqət çəkərək bildirib ki, Ankara bu cür cəhdləri görməzdən gəlmir. Baxçalının sözlərinə görə, regionda Türkiyə və İranı üz-üzə qoymağa çalışan “sionist imperialist qruplar” da diqqətdən kənarda qalmamalıdır.
Musavat.com