"ABŞ-İran müharibəsi fonunda Rusiya-Ukrayna müharibəsinin arxa plana keçməsi görünür".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyb. Onun sözlərinə görə, Ukraynanın ehtiyat etdiyi məqamlar var:
"Onlar fikirləşir ki, HHM sistemlərinin raketlərinin qıtlığı yarana bilər ki, bu da Ukrayna üçün Rusiyadan atılan raket və dronların vurulmasında problemlər yarada bilər. Digər silah növlərinin Ukraynaya təmin olunmasında ciddi problemlər olmaz, çünki Ukrayna artıq uzaqmənzilli raket və dronların istehsalını özü təmin edib. Rusiya-Ukrayna müharibəsi artıq tank-top-döyüş təyyarəsi ilə müharibə olmaqdan böyük ölçüdə çıxıb. Bu silahlar döyüş xəttinə yaxınlaşan kimi dronlarla məhv edilirlər".
Azər Qasımov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi kilidlənib:
"Tərəflərin heç biri ciddi irəliləyiş əldə edə bilmirlər. Hər iki tərəf olduğu mövqedə möhkəmlənib. Yaxın Şərqdə müharibə və İranın zəifləməsi Rusiyaya da zərbə vurur. Amma Kəngər körfəzindəki durum və Hörmüz boğazının bağlanması, neft-qaz ixrac edən ərəb ölkələrinin enerji strukturlarına olunan hücumlar nəticəsində zərər görməsi neftin və qazın qiymətində artıma səbəb olub ki, bu da Rusiyanın əlinə oynayır. Sanksiyalara baxmayaraq ABŞ Rusiyanın Hind okeanındakı neftdaşıyan gəmilərinə Hindistana neft satmağa razılıq verib. Bu da Rusiyanın maliyyə ehtiyatlarının bərpa olunmasına kömək edir. Hesab edirəm ki, ABŞ-İran müharibəsi uzanarsa, bundan ən çox uduşlu çıxan Rusiya olacaq. Tək Hindistan yox, digər ölkələrin əksəriyyəti Rusiyadan neft almağa məcbur olacaqlar. Bu da Ukraynaya daha çox zərbə vurmağa şərait yaradacaq".
Süleyman