AZ

Alvaro Karreras sıradan çıxdı – ARENA.AZ

İspaniyanın “Real” (Madrid) klubunun sol cinah müdafiəçisi, ispaniyalı futbolçu Alvaro Karreras zədələnib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkarlanıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ açıqlanmayıb.

Xatırladaq ki, “Real”da Karrerasdan öncə David Alaba, Eder Militao, Cud Bellingem, Dani Sebalyos, Kilian Mbappe və Rodriqo Qoes kimi futbolçular da zədədən əziyyət çəkirdikər.

Madrid təmsilçisi martın 11-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti”ni qəbul edəcək. Adları yuxarıda qeyd edilmiş futbolçuların bu matçda “Real”a kömək etməsi gözlənilmir.

Alvaro Karreras “Mançester Yunayted”in məzunudur. Müdafiəçi, karyerası ərzində “Preston Nort End”, “Qranada” və “Benfika”da oynayıb. “Real” onu 2025-ci ilin yayında 50 milyon avro müqabilində “Benfika”dan transfer edib. İspan futbolçunun Madrid klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Karreras cari mövsümdə “Real” üçün 34 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Karreras İspaniyanın U-19 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Karrerasın qənimətlər muzeyində “Benfika” ilə qazandığı Portuqaliya Liqa Kuboku (2024/2025) var.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
52
9
arena.az

10Mənbələr