AZ

Monarxiya? - İranın yeni ali dini lideri ilə bağlı MARAQLI MƏLUMATLAR

İranda hakimiyyətin ən yüksək postu – ali dini lider vəzifəsinə Müctəba Xamenei seçilib. İran mediasının və beynəlxalq agentliklərin məlumatına görə, qərar ölkənin ali dini orqanı olan İran İslam Respublikasının Ekspertlər Şurası  tərəfindən qəbul edilib.

Beləliklə, Müctəba Xamenei atasının – uzun illər İranı idarə edən Əli Xameneinin varisi olaraq ölkənin üçüncü ali dini lideri olub. Bu qərar İranın siyasi tarixində xüsusi hadisə sayılır, çünki 1979-cu il inqilabından sonra ilk dəfə hakimiyyət faktiki olaraq eyni ailə daxilində ötürülmüş sayılır.

Müctəba Xamenei 1969-cu ildə Tehran şəhərində anadan olub. O, İran İslam Respublikasının qurucularından biri sayılan siyasi-dini elitanın ailəsində böyüyüb və gənc yaşlarından dini təhsil alıb.

İranın dini təhsil mərkəzlərində – xüsusilə Qum şəhərində fəaliyyət göstərən seminariyalarda oxuyan Müctəba ruhanilik pillələrində yüksəlib və “hojjətülislam” dini titulunu alıb.

Müctəba Xamenei uzun illər rəsmi dövlət vəzifəsi tutmasa da, İranın siyasi sistemində təsirli fiqurlardan biri hesab olunurdu. Analitiklər onun xüsusilə güclü hərbi qurum olan SEPAH ilə yaxın əlaqələrə malik olduğunu bildirirlər.

2000-ci illərdən etibarən o, atasının siyasi aparatında mühüm rol oynayan şəxslərdən biri kimi tanınmağa başlayıb. Bir sıra müşahidəçilər Müctəba Xameneinin İranın daxili siyasi proseslərinə, xüsusilə konservativ siyasi qüvvələrin möhkəmlənməsinə təsir göstərdiyini qeyd edirlər.

Müctəba Xameneinin ali lider seçilməsi İran daxilində və beynəlxalq aləmdə müzakirələr doğurub. Bir çox analitiklər bunu “siyasi varislik” nümunəsi kimi qiymətləndirir, çünki İran İslam Respublikası rəsmi olaraq monarxiya sistemini rədd edən dövlət kimi formalaşıb.

Buna baxmayaraq, ölkənin əsas güc strukturlarının – xüsusilə SEPAH rəhbərliyinin – yeni liderə açıq dəstək verdiyi bildirilir.

Müctəba Xamenei İran tarixinin ən gərgin mərhələlərindən birində hakimiyyətə gəlib. Regionda artan hərbi gərginlik və beynəlxalq təzyiqlər fonunda o, həm daxili sabitliyi qorumaq, həm də İranın regional siyasətini idarə etmək kimi ağır məsuliyyətlə üz-üzədir.

Bir çox analitiklərin fikrincə, onun rəhbərliyi altında İran siyasətində daha sərt və təhlükəsizlik yönümlü kursun güclənməsi ehtimal olunur.


Telegram kanalımız
Seçilən
106
1
yenisabah.az

10Mənbələr