AZ

Vaşinqton üçün təhlükəli sızma: Çin ABŞ hərbçilərinin yerləşdiyi məkanları açıqladı

ABŞ kəşfiyyat mənbələrinə istinadən yayılan yeni məlumatlar Vaşinqton və Pekin arasında gərginliyi daha da artırıb.

Musavat.com xəbər verir ki, “The National Interest” nəşrinin yazdığına görə, Çin peyk şirkətlərindən biri ABŞ hərbi aviasiyasına aid obyektlərin yüksək keyfiyyətli peyk görüntülərini İrana təqdim edib.

Məlumata əsasən, yayılan peyk şəkillərində uçuş-enmə zolaqlarında dayanan Amerika qırıcı təyyarələrinin dəqiq görüntüləri əks olunub. Bildirilir ki, bu məlumatlar İran tərəfinə ABŞ hərbi aktivlərinin yerləşdiyi məkanlar barədə daha detallı koordinatlar əldə etməyə imkan yarada bilər.

Bununla yanaşı, iddialara görə, Çin Dubayda yerləşən və Pentaqonun yüksək rütbəli zabitlərinin qaldığı otellərin dəqiq siyahısını da Tehrana ötürüb. Həmin siyahıda konkret məkanların və obyektlərin ünvanlarının yer aldığı bildirilir.

Mənbələr qeyd edir ki, Pekinin ən müasir xəritələşdirmə və peyk müşahidə texnologiyalarını ilk dəfə bu səviyyədə Tehrana təqdim etməsi ABŞ hərbi personalını potensial təhlükə ilə üz-üzə qoya bilər.

Bu arada Pentaqonun keçmiş əməkdaşı, hərbi ekspert Meri Bet Lonq məsələ ilə bağlı olduqca sərt açıqlama verib. Onun sözlərinə görə, bu addım regiondakı güc balansına ciddi təsir göstərə bilər.

“Bu çox təhlükəli və oyun dəyişdirən bir gedişdir. Çünki bu, İrana ölkə xaricində olan son dərəcə dəyərli ABŞ hədəflərini hədəf almağa və vurmağa imkan verib. Çin bununla həm də kosmik peyk sahəsində imkanlarını sınaqdan keçirir. Etiraf etmək lazımdır ki, Çin bu sahədə ABŞ üçün real rəqibə çevrilib. İranın son dəqiq zərbələrində Çinin rolu xüsusidir. Mənbələrim Çinin peyk sahəsində İrana vacib dəstəyini etiraf edir. Bir sözlə, Pekin bir güllə atmadan Yaxın Şərqdə ABŞ-nin çəkindirmə gücünə ciddi zərbə endirdi”, – deyə o bildirib.

Musavat.com

Seçilən
68
2
musavat.com

10Mənbələr