AZ

Niyə İran ABŞ-ı Ermənistanla şantaj etmir?..

İranın dronlarla Naxçıvanı vurması həm təəccübülü oldu, həm də təəccübsüz. Ona görə təəccüblü oldu ki, indiki halda bunun heç bir məntiqi yoxdur: nəyə çalışır İran? Özünə dost və ya neytral ölkələri də düşmənə çevirməyə? Başa düşürük, “molla rejimi” tamam başını itirib: ABŞ özü okeanın o biri tərəfindədir, İsrail möhkəm müdafiə olunur və xüsusən də hava hücumundan müdafiə sistemi çox güclüdür. Odur, “molla rejimi”, onun SEPAH-ı taktika-strategiya nədir, az qala, sağlam insan məntiqini də itirib. Bunlar hətta Türkiyəni vurmağa cəhd edirlər! Ankaranın İrana münasibəti bir yana, hətta unudurlar ki, Türkiyə nəinki regionun, hətta NATO-nun ən güclü quru qoşunlarına malik üzvüdür...

İranın davranışı təəcübsüzdür ona görə ki, Azərbaycan müstəqil olandan Tehran rejimindən xəyanətdən başqa şey görmüşükmü? Otuz illik Qarabağ müharibəsi dövründə bu rejim hansı oyunlardan çıxmadı? Azca təhlükə hiss edən kimi özlərinə qarşı başlayırdılar rəsmi Bakını anti-sionist və anti-qərb testindən keçirməyə! Daim Tehran rejiminə xitabən yazırdıq ki, yetər belə hoqqalar və bütün bunlar nəinki Bakını, Ankaranı da bir gün bezdirər və bir gün sizin cəhənnəm haqqındakı nağıllarınız da gerçək olar, o biri Dünyanı görüb gələrsiz!..

Tehran bütün əməllərini daim belə təqdim edirdi ki, guya bizi Vaşinqtona yaxın ölkə bilir. Amma bir siyasi təhlilçi kimi məni daim bir sual düşündürüb: Niyə İran ABŞ–Ermənistanı şantaj etmir? Axı İrəvan bütün dövrlərdə Vaşinqtona daha yaxın olub!..

Müstəqillik əldə edəndən sonra Ermənistan uzun müddət Rusiyanın təsiri altında, hətta geosiyasi orbitində olsa da, Vaşinqtonun ona qarşı özəl münasibəti vardı. Hətta Sovetin vaxtında belə ermənilərin digər sovet xalqlarından fərqli olaraq xarici ölkələrlə daha çox əlaqələri vardı, tək-tük sovet respublikasından idi ki, xarici ölkələrə avia-uçuşları vardı!

Bütün bunların səbəbi də o idi ki, ABŞ-da və digər ölkələrdə böyük erməni diasporaları vardı. İndinin özündəsə Ermənistanın Qərblə təmasları bir az da sıxlaşıb, indiki erməni hakimiyyəti Qərbə tərəf istiqamət götürüb. Belə bir vəziyyətdə İran rejiminin ABŞ-ı şantaj etməkçün, ona təzyiq göstərmək üçün Ermənistanı hədəf kimi götürməsi daha məntiqli olmazdımı?..

Amma götürmürlər! Nə indi, nə də əvvəl! Bunu belə yozanlar da vardı ki, guya Tehran böyük sanksiyalar altındadır və hər bir ölkə ilə əlaqələr onun üçün qiymətlidir. Olsun! Bəs Azərbaycan niyə onun qiymət verdiyi ölkələr siyahısında deyildi? Məgər Azərbaycanla əlaqələrdən gələn gəlir Ermənistanla əlaqələrdən az idi? Yoxsa Bakı İrəvan qədər də Tehranla münasibətlərdə səmimi deyildi? Bu günlərdə SEPAH-ın adından belə bəyanatlar yayıldı ki, bəs Naxçıvana hücum Bakıya xəbərdarlıqdır! Niyə görə bizə xəbərdarlıq edilməlidir? Hansı suçumuza görə? Yox, əgər ABŞ-ı şantaj edirsinizsə, deyin ki, bax, İrəvanı vuracağıq! Bir daha belə bir detalı vurğulayırıq ki, həm güclü erməni lobbisinə, həm də xristianlıq məsələsinə görə Ermənistan ABŞ üçün daha önəmlidir...

Amma etmirlər bunu! Tamam əksinə, bunların hətta böyük mollaları, dini liderləri ermənilərə daim xüsusi diqqətlə, hətta nəvazişlə yanaşıblar. Çox səbəbi ola bilər, amma desələr ki, İranın dini liderlərinin erməni diasporaları ilə güclü əlaqələri var, şəxsən biz buna təəccüblənmərik!..

Düşünürəm ki, xüsusi təşviş yaşamaq da lazım deyil. İranın, onun SEPAH-nın bundan artığına cəsarəti çatmaz. Amma bu məsələdə bir-iki vacib detal var.

Birincisi, hamı Tehranın terrorundan danışsa da, bu, terror deyil, daha böyük cinayətdir, İranın Azərbaycana qarşı açıq-aşkar aqressiya aktıdır. İndi nə olur, hamı ona terror deyir. Vaxtilə Qarabağ məsələsini də hamı terror adlandırırdı. Düzdür, prosesin içində terror da vardı: metrolarımız partladılır, mülki obyektlərimzidə təxribatlar törədilirdi, amma İrəvanın cinayəti daha böyük idi: Ermənistan Rusiyanın dəstəyi, yardımı və bəzən  iştirakıyla Azərbaycana qarşı aqressiya aktı törətmişdi, təcavüz etmişdi, torpaqlarmızı işğal etmişdi, etnik təmizləmə aparmışdı, sözün əsl mənasında, insanlarımıza qarşı soyqırım törətmişdi! Bunu tək bir adam, hansısa terrorçu təşkilat və ya qrup etməmişdi, bütün bunların arxasında Ermənistan dövləti və hökuməti, bəzən də Rusiya dayanırdı! Bir daha deyirik ki, bu, birmənalı şəkildə təcavüz idi, təcavüz aktı idi və adi bir terrordan daha dəhşətli və böyük cinayət idi...

Naxçıvana da dronları hansısa terrorçu və ya onun qrupları atmayıb, bunu Tehran rejimi edibdir və biz də onun bu cinayətini bütün dünyaya çatdırmalı, yaymalıyıq: qoy, hamı görsün və bilsin ki, Tehran rejimi elə həqiqətən də region üçün böyük təhlükədir!

Həm də birmənalı şəkildə qəbul da etməliyik ki, nə qədər çalışsaq, yenə  xeyri yoxdur, “molla rejimi” bizi daim düşmən gözündə görəcək və elə bu səbəbdən tədbirli olmalıyıq, burada “səni sevəcəyəm, hətta sən sevməsən də!” siyasəti yeriməz, düşmənçiliyi elə düşmənçilik kimi də qəbul etmək lazımdır...

Böyük ehtimalla (70-80 faiz!) İranın “molla rejimi”nin sonu çatıb, ən azı bunu Tramp da açıq deyir, amma hansı ssenari əsas götürüləcək, bunu da zaman göstərəcək; bütün hallarda, minimum, Tehran rejimi daha əvvəlki kimi hoqqalar edə bilməyəcək, onların əl -ayaqları ciddi şəkildə budanıb – çərçivəyə salınacaq. Amma İran cəmiyyəti heç də geri toplum deyil və kifayət qədər siyasi təcrübəsi və vərdişləri var. Odur, istisna deyil ki, yaxın perspektivdə “molla”lar ibadətlə məşğul olmağa göndəriləcəklər – hətta Tramp bunu arzulamasa, çünki sonuncuya da demokratik İran yox, ABŞ və İsrailə loyal, hətta itaətkar dövlət lazımdır...

Seçilən
60
50
musavat.com

10Mənbələr