AZ

İran tərəfi atəş açmaqla bütün qırmızı xətləri keçib İsa Qəmbər

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hakimiyyətin İrana reaksiyası doğrudur, mövqe davam etməlidir"

“Hətta elə situasiya yaradılmalıdır ki, İran tərəfi bu əməlinə görə gerçəkdən peşman olsun və bu barədə bir daha düşünməsin”

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi, İranın ölkəmizdəki səfirini çağıraraq, etiraz notası təqdim edib. Məsələ ilə əlaqədar prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Ordu bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış dayandırılıb. Hadisə ilə əlaqədar bir çox ölkə İranın bu əməlini rəsmi şəkildə pisləyib. Məsələ ilə bağlı siyasi ekspertlər, analitiklər müxtəlif fikirlər səsləndirib.

“Sherg.az” mövzunun ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq Azərbaycandakı siyasi partiya liderlərinin mövqeyini öyrənib. Saytımızın əməkdaşı Müsavat Partiyasının başqanı İsa Qəmbərin məsələyə münasibətini soruşub:

- İsa bəy, bildiyiniz kimi dünən Naxçıvan hava limanı İran dronlarının hücumuna məruz qalıb. Siz son baş verənləri və Azərbaycan dövlətinin reaksiyasını necə qiymətləndirirsiniz?

- Təbii ki, İran tərəfi Azərbaycan ərazisinə dron göndərməklə, atəş açmaqla bütün qırmızı xətləri keçib. Buna ən prinsipial və sərt şəkildə cavab verilməlidir. Hələ ki, hakimiyyət dairələrinin, dövlət başçısının reaksiyası kifayət qədər adekvatdır. Bu prinsipial mövqe davam etməlidir. Hətta elə situasiya yaradılmalıdır ki, İran tərəfi bu əməlinə görə gerçəkdən peşman olsun və bu barədə bir daha düşünməsin. 

- Sizcə İran niyə belə addım atıb? 

- Hadisə ilə bağlı müxtəlif versiyalar var. Bunları belə dəyərləndirmək olar: İran klerikal (din xadimlərinin idarə etdiyi) hakimiyyətinin Azərbaycana qarşı düşmənçilik mövqeyi heç də yeni deyil. Müstəqilliyimizi bərpa edəndən, yəni 1991-ci ildən bəri dəfələrlə İrandakı hakim rejimin Azərbaycana qarşı düşmən münasibəti ilə rastlaşmışıq. Son baş verənləri həmin düşmən münasibətin, mövqenin təzahürü kimi qiymətləndirmək tamamilə realdır.

Bir versiya da var ki, 12 günlük müharibədən sonra rejim İsrailin və ABŞ-nin Tehranın siyasi, hərbi və digər sahələrdəki rəhbərlərini aradan götürmək potensialını nəzərə alaraq bəzi qərarlar qəbul edib. Bu qərarlara əsasən belə hadisələrdə idarəetmənin itirilməməsi üçün yüksək vəzifəli şəxsləri əvəz edə biləcək insanlar müəyyənləşdirilməlidir. Eyni zamanda yerli orqanlara, bölgələrdəki hərbi hissələrin rəhbərlərinə müstəqil qərar qəbul və icra etmək səlahiyyəti verilib. İranın dini rəhbərinin, yüksək vəzifəli şəxslərinin sıradan çıxarıldığı şəraitdə hakimiyyətsizliyin baş verməsi və hansısa qüvvənin özbaşına bu cinayəti həyata keçirməsi ehtimalı da var.

Başqa versiyalar da var və hər ehtimal diqqətlə dəyərləndirilməlidir.

- Dövlətimizin konkret tələbləri var ki, rəsmi Tehran Bakıdan üzr istəməlidir, cinayətkarlar ortaya çıxarılıb cəzalandırılmalıdır. Bunlar baş versə, İran-Azərbaycan münasibətləri əvvəlki səviyyəsinə çata bilər?

- İndiki mərhələdə bu real görünmür. Artıq İran bütün qırmızı xətləri keçibdir və Azərbaycana münasibətdə elə ciddi cinayətə yol verib ki, münasibətlərin tam normallaşması elə də asan məsələ deyil. İran dövlət olaraq üzr istəsə, günahkarları cəzalandırsa, belə bu gərginlik uzun müddət davam edəcək. Təsadüfi deyil ki, dövlətimiz hərbi qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi, İranla əlaqələrin məhdudlaşdırılması, Azərbaycan torpaqlarından İrana tranzit istifadəsinin qarşısı alınması kimi qərarlar qəbul edib. Ona görə də qısa müddətdə vəziyyətin bərpa olunacağını gözləmək düzgün olmaz. Hətta gərginliyin artacağı ehtimalı daha çoxdur, nəinki, gərginliyin qısa müddətdə aradan qaldırılacağı ehtimalı.

- Ümumiyyətlə, son dövrdə İranda baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Biz Müsavat Partiyası olaraq bölgədə sülhə, əmin-amanlığa üstünlük veririk. Bütün mübahisəli məsələlərin diplomatik üsullarla, beynəlxalq normalara uyğun şəkildə həll edilməsindən yanayıq. Həmçinin, İranda bir diktaturanın digəri ilə əvəzlənməsini düzgün hesab etmirik. İran vətəndaşlarına öz talelərini, öz gələcəklərini seçmək, azad cəmiyyət və demokratik dövlət qurmaq imkanları yaradılmalıdır. Xüsusilə, İranda yaşayan on milyonlarla soydaşımızın təhlükəsizliyi və hüquqları bizim üçün həddindən artıq həssas məsələdir. 

Qeyd edim ki, biz Azərbaycan-Türkiyə hakimiyyətlərinə müraciət edərək bu məsələyə həddindən artıq diqqətli yanaşmağı və milli maraqlara uyğun şəkildə gərəkən addımları atmağa hazır olmağa çağırış etmişik. 

- Qeyd etdiniz ki, İran vətədaşlarına öz talelərini, öz gələcəklərini seçmək imkanı verilməlidir. ABŞ Prezidenti Donald Tramp İranın keçmiş ali rəhbəri Əli Xameneiə bənzər birinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Tehranda yeni hökumətin formalaşmasında iştirak etmək istədiyini bildirib. Tramp deyib ki, onlar seçim edə bilərlər, amma biz əmin olmalıyıq ki, o, ABŞ üçün ağlabatan insan olacaq.

- Burada xarici müdaxiləni necə dəyərləndirirsiniz? Belə şəraitdə İranda xalq hakimiyyəti formalaşa bilər?

- Əvvəlki suala cavabımda bildirdim ki, biz bir diktaturanın digər diktatura ilə əvəzlənməsini düzgün hesab etmirik. İran vətəndaşlarına öz qərarlarını vermək imkanı yaradılmalıdır. Aydın məsələdir ki, kənardan müdaxilə olmasaydı bu fikri bildirməyə ehtiyac olmazdı. Təbii ki, müdaxilə var və bu müdaxilə həlledici dərəcədə vəziyyəti dəyişir. Amma biz hesab edirik ki, millətlərin iradəsinə, insanların müstəqil seçiminə kənar müdaxilə olmamalıdır. Əksinə onlara imkan yaradılmalıdır ki, öz seçimlərini edə bilsinlər. 

- Sizcə, bu baş verəcək?

- Təbii ki, bu bizim istəyimiz, arzumuz, prinsipial yanaşmamızdır. Bunun mümkün olub-olmayacağını gələcək göstərəcək. Əgər insanlar gözləsələr ki, hər şey öz-özünə əla həll olunacaq, bu baş verməyəcək. Hesab edirəm ki, bunun üçün iradə ortaya qoyulmalıdır, fədakarlıq göstərilməlidir. 

-Vaxt ayırdığınız üçün təşəkkür edirəm, İsa bəy.

-Sağ olun.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
50
sherg.az

10Mənbələr