AZ

Türk ekspert: Azərbaycanın enerji strategiyası regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır

Bakı, 5 mart, AZƏRTAC

Enerji artıq yalnız iqtisadi resurs deyil, həm də geosiyasi gücün və beynəlxalq balansın əsas müəyyənedici amillərindən biridir. Bu yeni enerji reallığında Azərbaycan Xəzər hövzəsindən Avropaya uzanan strateji enerji dəhlizinin əsas iştirakçılarından biri kimi ön plana çıxır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzinin sədri Mesut Gülaçtı bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan qazının çatdırıldığı ölkələrin sayının 16-ya yüksəlməsi və boru kəmərləri vasitəsilə qaz təchiz etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşması ölkənin strateji enerji siyasətinin real nəticəsidir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazı təkcə enerji mənbələrinin şaxələndirilməsinə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.

Mesut Gülaçtı bildirib ki, Azərbaycanın enerji strategiyası yalnız mövcud hasilatla məhdudlaşmır. “Azəri–Çıraq–Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqlarında planlaşdırılan yeni hasilat mərhələləri yaxın illərdə enerji təklifinin daha da artacağını göstərir. Eyni zamanda, infrastrukturun genişləndirilməsi və yeni interkonnektor layihələrinin həyata keçirilməsi bu potensialın qlobal bazarlara daha effektiv çıxarılmasına imkan yaradacaq.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də etibarlı tranzit mərkəzi kimi çıxış edir. Qazaxıstan və Türkmənistan neftinin nəqlində ölkənin oynadığı rol Xəzərin Şərq və Qərb sahilləri arasında qurulan strateji enerji körpüsünün əhəmiyyətini daha da artırır.

Mesut Gülaçtı vurğulayıb ki, Azərbaycanın enerji baxışı təkcə fosil yanacaqlarla məhdudlaşmır. Belə ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsalı hədəfi ölkənin enerji keçidini strateji planlaşdırmanın əsas istiqamətlərindən birinə çevirdiyini göstərir.

Onun sözlərinə görə, Türk dünyası baxımından Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar təkcə bir ölkənin nailiyyəti deyil, həm də regional əməkdaşlığın və ortaq vizyonun mühüm göstəricisidir. Enerji xətləri, ticarət marşrutları və strateji layihələr Türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.

“Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzi olaraq qardaş Azərbaycanın enerji sahəsində ortaya qoyduğu bu güclü vizyonu məmnuniyyətlə dəstəkləyirik. Xəzərdən Avropaya uzanan bu enerji dəhlizi yalnız enerji daşımır, həm də regional sabitlik, inkişaf və ortaq gələcəyin əsas dayaqlarından birinə çevrilir”, – deyə Mesut Gülaçtı əlavə edib.

Pərvanə Qafarova - müxbir

Seçilən
44
azertag.az

1Mənbələr