AZ

"Azərbaycan hökuməti lazım olan bütün addımları atacaq" - Deputatdan Naxçıvana dron hücumuna REAKSİYA

"Dünyanı sarsıdan bir proses gedir hal-hazırda. İran rejiminə qarşı atılan bu addımlar, dövlətlərarası münasibətlər, beynəlxalq münasibətlərdə yaranmış çapıqlar təbii ki, ziyansız ötüşə bilməz. Qonşuda alov yanırsa, bina yanırsa, onun mütləq qonşuda yaranan prosesin ziyanı qonşulara dəyir. Biz də İranla qonşuyuq".

Bu fikirləri Redaktor.az-a İranın Naxçıvan aeroportuna atdığı dronlar haqqında danışan deputat Fəzail İbrahimli bildirdi. Müsahibimiz qeyd etdi ki, bu hadisəni eşidəndə təəccüblənib:

"Azərbaycan tərəfinin səmimiyyəti, dünya dövlətləri qarşısında “mən qonşuma xəyanət edə bilmərəm, ərazimdən istifadə etməyə icazə verə bilmərəm” prinsipi və İran tərəfinin  özünü sakit qonşu kimi aparmaq öhdəliyini götürmüş Azərbaycanın qarşısında bu addımı təbii ki, ağılasığmazdır, düşüncəyə və insanlığa sığmayan, nə Allah, nə kitab, nə qanuna sığmayan bir hərəkətdir. Məsələnin digər tərəfi isə odur ki, bu hadisə Azərbaycan torpaqlarının işğalı dövründə İranın apardığı siyasətin bir ifadəsidir. İşğalçıya yaşamağa rəvac verən, onun əməllərinə kömək edən, Ermənistanı daim dəstəkləyən, “bizim Ermənistanla qardaşlıq münasibətimizin arasına heç kim girə bilməz” deyən bir dövlətin bu addımları həm də gözlənilən idi.

Ancaq qəribədir ki, çətinə düşəndə insan ağıllı, şüurlu addım atmalıdır. Burada sağa, sola, ətrafdakı bütün tərəflərə ziyan verilir. Bu bəzən ölümqabağı düşüncəni xatırladır: “Mən yoxamsa, dünya yox olsun” prinsipi görünür. Dünən Türkiyəyə atılan raket, bu gün Azərbaycana qarşı atılan raket bu addımlar hansı düşüncədən irəli gəlir? Amerika ilə bacarmırsan, həyatın məhv olub, iqtisadiyyatın çöküb, ölkədə hərbi gücün nə qədər çatacaq, bunu heç kim bilmədən qonşuya qarşı belə münasibət həm diplomatiya, həm siyasət, həm ağıldan uzaqdır, ancaq ağılsızlıq hesab oluna bilər. Bunu məkr də adlandırmaq olar, görünür, avantürist düşüncə sahiblərinin addımıdır. Azərbaycana nə üçün bomba atmalıdır?"

O həmçinin vurğuladı ki, bir qüvvə bütün müsəlman dünyasını bu prosesə cəlb etmək istəyir:

"İranın içindəki hansısa bir qüvvə proseslərə təsir gücünə malikdir. Burada xristian dövlətləri yoxdur. İslam dünyasının dövlətləri Amerika bazası olan dövlətlərə və ətrafındakı dövlətlərə qarşı qəribə bir addım atılır. İran isə buna şərait yaradır. Ona görə hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin atdığı addım kifayət qədər qanun və hüquq daxilindədir. Cənubdakı qardaşlarımız bundan nəticə çıxarmalıdır. Azərbaycan hökuməti isə lazım olan bütün addımları atacaq və ölkəmiz bu prosesdən kənarda qalacaq. Azərbaycanın bu proseslərdə heç bir marağı yoxdur. Qonşuluq və İslami münasibətləri gözləyir. İranın Azərbaycana qarşı olan əbədi-əzəli münasibətlərinə baxmayaraq, Azərbaycan həmişə haqqın tərəfində olub, haqq sözünü deyib və Allahın, vicdanın qarşısında haqq tərəfdə dayanıb".

Nuriyyə NATİQQIZI

Seçilən
38
42
redaktor.az

10Mənbələr