AZ

Kürd qüvvələrinin İraqdan İran istiqamətində irəlilədiyi bildirilir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin hərbi rəhbərliyindəki mənbələrin məlumatına görə, kürd silahlı dəstələri İraq ərazisindən İran istiqamətində irəliləyir. Bildirilir ki, söhbət ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dəstəklənən bölmələrdən gedir.

Bizimyol.info xəbər verir ki, bununla belə, mənbələr vurğulayırlar ki, bu qüvvələrin hərəkəti onların artıq İranın paytaxtına yaxınlaşması demək deyil.

“Bu, onların artıq Tehranın yaxınlığında olduğu anlamına qətiyyən gəlmir”, – deyə məlumatda qeyd olunur.

Regionda məsafələrin kifayət qədər böyük olduğu bildirildiyindən, yaxın zamanda İranın iri şəhərlərinə çatmaq barədə danışmaq hələ tezdir. Bununla yanaşı, belə bir irəliləyiş Tehranın hərbi qüvvələrinin bölgü planına təsir göstərə bilər.

Məlumata görə, kürd dəstələrinin aktivliyi İranı öz qoşunlarının bir hissəsini bu istiqamətə yönəltməyə məcbur edə bilər. “Bu, İran qüvvələrinin bir hissəsini yayındıra və onlar üçün əlavə çətinliklər yarada bilər”, – deyə İsrail hərbi rəhbərliyindəki mənbələr bildiriblər.

Eyni zamanda, "Fox News" telekanalı da yüksək vəzifəli amerikalı rəsmiyə istinadən minlərlə iranlı kürdün İranda quru əməliyyatına başladığını xəbər verib. Məlumatda qeyd olunur ki, bu, vəziyyətin ciddi şəkildə inkişaf etməsi deməkdir və kürd silahlı dəstələrinin ABŞ və İsrail tərəfindən, o cümlədən hava dəstəyi ilə dəstəklənə biləcəyi ehtimal olunur.

Yaxın Şərq mediası da kürd siyasi qüvvələrinin koalisiyasındakı nümayəndəyə istinadən İraq kürdlərinin İrana qarşı quru əməliyyatına başladığını yazır. Verilən məlumata görə, kürd dəstələrinin hərəkəti hələ martın 2-nə keçən gecə başlayıb.

Mənbələrin iddiasına görə, PJAK qruplaşmasının döyüşçüləri İranın qərbində yerləşən Marivan şəhəri yaxınlığındakı dağlıq ərazilərdə, o cümlədən Zaqros dağlarında mövqe tutublar. Bildirilir ki, artıq minlərlə kürd döyüşçüsü İran ərazisindədir.

Qeyd olunur ki, hücum ABŞ-da İran hakimiyyətinə təzyiqi artırmaq üçün kürd qruplaşmalarına mümkün dəstəyin müzakirə edildiyi bir vaxtda baş verir.

Bununla yanaşı, xəbər yayımlandığı ana qədər kürdlərin İrana mümkün müdaxiləsi ilə bağlı nə rəsmi, nə də sənədləşdirilmiş təsdiq mövcud deyil.

Eyni zamanda, Kürdüstan Demokrat Partiyası (KDP) bəyan edib ki, Kürdüstan Regionu ABŞ, İsrail və İran arasında baş verən münaqişənin tərəfi deyil. Bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

Partiya həmçinin İraqın federal hökumətini “Kürdüstan Regionuna hücum edən milis dəstələrini və qanunsuz silahlı qrupları dayandırmağa” çağırıb.

KDP əlavə edib ki, İraq və Kürdüstan Regionunun davam edən münaqişədən kənarda saxlanılması vacibdir. Partiya siyasi birlik və sabitliyin qorunması üçün təhlükəsizlik qüvvələrinə dəstəyin gücləndirilməsinə çağırış edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
icma.az

1Mənbələr