AZ

Dünyanın ən böyük gölü quruyur

Dünyanın ən böyük gölü hesab olunan Xəzər dənizi həm sahəsinə, həm də su həcminə görə digər gölləri geridə qoyur. Təxminən 371 min kvadrat kilometr sahəyə malik olan bu nəhəng su hövzəsi coğrafi baxımdan Avropa ilə Asiyanın sərhədində yerləşir. Adında “dəniz” sözü olsa da, okeanla birbaşa əlaqəsi olmadığı üçün elmi təsnifata əsasən göl sayılır.Metbuat.az xəbər verir ki, mütəxəssislər bu su hövzəsində 50-yə yaxın ada olduğunu müəyyənləşdiriblər. Adaların əksəriyyəti şimal hissədə yerləşir və onların bir qismi kiçik ölçülü, yaşayış üçün əlverişsiz torpaq sahələridir. Bəzi adalar isə strateji və iqtisadi baxımdan əhəmiyyət daşıyır. Su hövzəsinin maksimal dərinliyi 1000 metrdən artıqdır və ən dərin hissəsi cənub bölgəsində yerləşir. Zəngin neft-qaz ehtiyatları və nadir balıq növləri, xüsusilə nərə balığı ilə tanınan bu nəhəng göl tarix boyu regionun iqtisadi və geosiyasi həyatında mühüm rol oynayıb və bu gün də strateji əhəmiyyətini qoruyub saxlayır.

Alimlərin fikrincə, iqlim dəyişikliyi və su səviyyəsinin azalması nəticəsində yaxın onilliklərdə gölün sahil xəttində ciddi geriləmələr baş verə bilər. Aparılan bəzi tədqiqatlarda qeyd olunur ki, suyun çəkilməsi davam edərsə, ümumi itki sahəsi İslandiyanın ərazisinə bərabər ölçüyə çata bilər. Bu isə regionun ekosisteminə, balıqçılıq sənayesinə və sahilyanı yaşayış məntəqələrinə mənfi təsir göstərəcək. Ekspertlər problemin qarşısını almaq üçün koordinasiyalı ekoloji siyasətin vacibliyini vurğulayırlar.

Seçilən
40
metbuat.az

1Mənbələr