AZ

Hörmüz boğazı: İranın son çarəsi və qlobal təsirləri -ÖZƏL 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının mülki gəmiçilik üçün açıq olduğunu açıqlayıb. İranın SEPAH rəsmisi gəmilərin yandırılacağını bildirsə də, boğazda patrul xidməti və minalanma aşkarlanmayıb. Boğazda təhlükəsizlik vəziyyəti hələlik normal qalır.
İran Hörmüz boğazını bağlaya bilərmi? Boğazın bağlanması münaqişənin gedişatına necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İran əlbəttə ki, əgər qərar versə ki, artıq Hörmüz Boğazını bağlamaq istəyir və bu onun maraqları üçün tam uyğundursa, Hörmüz Boğazını bağlayacaq. Çünki Hörmüz Boğazı elə bir mövqedə yerləşir ki, bura sadəcə İran və müəyyən ərəb dövlətləri tərəfindən təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Körfəz ölkələrindən, Körfəzdəki ərəb dövlətlərindən heç biri İrana qarşı konkret addım atacaq gücdə deyillər. Hətta fikir verirsinizsə, İran Amerika bazalarını bombalamaq üçün Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyndə bir sıra əməliyyatlar həyata keçirsə belə, hələ ki, həmin dövlətlərdən İrana qarşı bir cavab tədbiri görmürük. Bu, təbii ki, ona görədir ki, həmin dövlətlər yaxşı başa düşürlər ki, onların İranın raket potensialına qarşı kifayət qədər gücləri yoxdur və buna görə də İranı özlərinə düşmən etmək istəmirlər. Sadəcə, maksimum dərəcədə çalışırlar ki, bu münaqişəni tez bitirsinlər və buna görə də ABŞ-a da yəqin ki, təzyiq göstərirlər. Yaxın zamanda bunun rəsmi açıqlamalarına da şahid ola bilərik. Ona görə də indi düşünmək olar ki, Hörmüz Boğazının bağlanması sadəcə İran rəsmlərinin qərarından asılıdır. Əgər İran görsə ki, bu addım onun maraqları üçün labüddürsa, onda boğazı bağlayacaq. Bəs, niyə İran bu günə qədər bağlamayıb? Çünki Hörmüz Boğazı yalnız ABŞ və ya İsrail gəmlərinin keçdiyi bir bölgə deyil. Hörmüz həm də İrana dəstək verən Çin və Rusiya kimi böyük dövlətlərin, eyni zamanda dünyanın digər bütün ölkələrinin istifadə etdiyi bir boğazdır. İran sırf buna görə hələ ki, Hörmüzü bağlamır. Düşünür ki, bu həm onun müttəfiqlərini, ən başda Çini, küsdürə bilər, həm də bu addım dünyanın digər dövlətlərində İrana qarşı aqressiya yarada bilər. Amma İran rejimi görsə ki, iş-işdən keçib və yolun sonudur, böyük ehtimalla qarşı tərəfə daha böyük zərbə vurmaq üçün son şansını istifadə edərək boğazı bağlayacaq. Hörmüz bağlanarsa, bu o deməkdir ki, İran üçün yolun sonudur. Nəyə görə? Çünki İran alternativləri tükənməyənə qədər boğazı bağlamayacaq. Çalışacaq ki, fərqli metodlarla həm İsrailə, həm də ABŞ-a cavab verə bilsin. Boğazın bağlanması o deməkdir ki, İranın əlindəki üstünlüklər kifayət qədər azalıb və bu addımı son çarə kimi görür. Boğaz bağlansa, münaqişə daha da kəskinləşəcək. Çünki bu zaman ABŞ və İsrail bütün dünyaya elan edəcək ki, İran Hörmüzü bağlayır, bu, dünya iqtisadiyyatına və bir çox ölkələrin strateji təhlükəsizliyinə zərbədir. Onlar bu bəhanədən istifadə edərək əməliyyatların miqyasını artıracaq və İrana zərbələri genişləndirəcəklər.
Eyni zamanda, boğazın bağlanması təkcə siyasi deyil, iqtisadi təlatüm də yarada bilər. Hələ boğaz tam mənada bağlanmayıb, amma artıq Avropa bazarlarında enerji resurslarının qiymət artımını görürük. Qaz və neftin qiymətləri artır, sənayədə problemlər yaranır. Bu da sənaye məhsullarının istehsalında çətinliklər yaradır və nəticədə məhsulların qiymətinin artmasına səbəb olur. Əgər bu vəziyyət bir-iki ay davam etsə, təkcə enerji resurslarında deyil, bütün sənaye məhsullarında qiymət artımı baş verə bilər.
Hörmüz Boğazının tam bağlanması, iqtisadi fəsadlarla yanaşı, İranın özü üçün də bir müdafiə mexanizmi yarada bilər. Bu addımla İran ABŞ və İsrailin hərbi gəmlərinə qarşı, boğazdan keçən raket və qırıclarla müəyyən bir müdafiə qurmağa çalışır. Amma mən düşünmürəm ki, bu çox effektiv olacaq. İran artıq müdafiə mexanizmi qurmağa çalışır, hərbi hava müdafiə sistemləri ilə hücumların təsirini azaltmağa çalışır. Amma görünən odur ki, buna hələ tam nail ola bilmir və gələcəkdə boğaz bağlansa belə, ABŞ və İsrailin hücumlarının qarşısını tam almaq mümkün olmayacaq.  Düşünmürəm ki, effektiv olsun. Bu sadəcə İran tərəfindən həyata keçiriləcək bir növ, bütün dünya dövlətlərinin ABŞ-a və İsrailə qarşı kampaniyalarına hesablanmış addım olacaq. Hörmüz açılmasa, zərər çəkən bütün ölkələr ABŞ və İsrailə təzyiq göstərməsini tələb etsinlər ki, bu əməliyyatları dayandırsınlar, beləcə Hörmüz açılsın və iqtisadi əlaqələr bərpa olunsun".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr