AZ

İranın yeni ali lideri seçildi

İranın Ekspertlər Məclisi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ağır təzyiqləri altında Ayətullah Əli Xamaneinin oğlu Müctəba Xamaneini ölkənin növbəti Ali Rəhbəri seçib. 

Milli.Az xəbər verir ki, İranın dini və siyasi iyerarxiyasında uzun müddətdir gözlənilən, lakin bir o qədər də mübahisə doğuran qərar nəhayət verilib. 

Mənbələrin bildirdiyinə görə, qərar heç də asan verilməyib. Ekspertlər Məclisinin üzvləri arasında "vərəsəlik" prinsipinə qarşı çıxanlar olsa da, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi prosesə birbaşa müdaxilə edib.

SEPAH komandanlığı ölkənin müharibə və xaos şəraitində olduğunu əsas gətirərək, idarəçiliyin "etibarlı əllərdə" qalması üçün Müctəba Xamaneinin namizədliyini diktə edib.

İddialara görə, Müctəba Xamanei SEPAH-ın hərbi və iqtisadi maraqlarını qoruyacağına dair təminat verdikdən sonra səsvermə yekunlaşıb.

56 yaşlı Müctəba Xamanei illərdir "pərdəarxası lider" kimi tanınırdı. Atasının ofisində böyük nüfuza sahib olan Müctəba, xüsusilə kəşfiyyat və hərbi qurumlar üzərində nəzarəti ilə seçilirdi.

O, 2009-cu il seçkilərindən sonra başlayan etirazların yatırılmasında əsas fiqurlardan biri kimi qəbul edilir.

Mühafizəkar qanad tərəfindən dəstəklənsə də, xalqın bir hissəsi və bəzi islahatçı din xadimləri onun rəhbərliyini "respublika dəyərlərinin sonu" kimi qiymətləndirirlər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
56
23
milli.az

10Mənbələr