AZ

Rodriqo Qoes ciddi zədə aldı, uzun müddət oynamayacaq – ARENA.AZ

Braziliya millisinin və “Real”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoes aldığı ciddi zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, İspaniya La Liqasının 26-cı turunda “Xetafe”yə qarşı keçirdikləri ev oyununda (0:1) ciddi zədə alıb.

25 yaşlı futbolçu sağ dizindəki ön çarpaz bağı qoparıb və cari mövsümün qalan hissəsini, eləcə də 2026-cı ildə baş tutacaq dünya çempionatını buraxacaq.

“Marca”nın yazdığına görə, braziliyalı futbolçu bu gün tibbi müayinədən keçib və nəticədə çarpaz bağın qoparıldığı aşkarlanıb. Maraqlıdır ki, Rodriqo zədəsinə baxmayaraq, “Xetafe”yə qarşı oyunu davam etdirə bilib. O, “Santyaqo Bernabeu”dakı matçın 55-ci dəqiqəsində meydana buraxılıb və sonadək oynayıb.

Təxminən bir aylıq fasilədən sonra meydana qayıtmış 25 yaşlı futbolçu bu dəfə daha çox məcburi istirahət etməli olacaq.

Xatırladaq ki, Rodriqo Qoes cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rodriqodan əlavə, Madrid təmsilçisinin heyətində Raul Asensio, Eduardo Kamavinqa, Dani Sebalyos, Kilian Mbappe, Cud Bellingem və Eder Militao kimi aparıcı futbolçular da zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıblar.

Yeri gəlmişkən, “Real” daha 3 futbolçu itkisi ilə üzləşib. Madrid təmsilçisinin oyunçularından Din Höysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər. Onlar “Xetafe” ilə qarşılaşmada cəzalı duruma düşüblər. Höysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
10
arena.az

10Mənbələr