AZ

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini dəyişir ŞƏRH

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir. Ölkəmiz hazırda Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Daha dəqiq desək, bu gün güclü Azərbaycan dövləti Avropanın enerji xəritəsini dəyişməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu gücləndirmək imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında səsləndirilən fikirlər də bu reallığı təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Cənub Qaz Dəhlizinin fəaliyyəti və qazın Avropa bazarlarına ixracı zamanı Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Ona görə də, təəccüblü deyil ki, qaz böhranının dərinləşməsinin qarşısını almaq naminə Avropa ölkələri tədarükləri artırmaq üçün Azərbaycana üz tuturlar. Bu gün ölkəmizə yaxın regionlarda davam edən qeyri-sabit vəziyyət Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Məlumdur ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. İmzalanan bu Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Çünki Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir.

Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Dövlətimizin başçısı ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu qeyd edərək vurğulayıb ki, artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.

Deputat bildirib ki, cari ildə Azəri-Çıraq-Günəşli yatağının dərin qaz laylarından hasilatın artacağı gözlənilir. Eyni zamanda, yaxın iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə başlanacaq ki, bu da həmin yataqdan qaz hasilatını üç dəfə artıracaq. Bundan başqa, “Ümid” yatağının ikinci mərhələsi üzrə də qaz hasilatına başlanması nəzərdə tutulur.

S.Vəliyev deyib: “Hazırda Azərbaycan Avropanın qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırılır. Toplantıda xarici qonaqların səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Avropa İttifaqı Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə xüsusi üstünlük verir və gələcəkdə etibarlı yanacaq təminatının əsas həlqəsi kimi dəhlizin genişləndirilməsi üzərində səylərini artırmaqdadır. Toplantıda Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin dediyi “Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45 faizdən 2025-ci ildə 12 faizə düşdü. Həmin rəqəmlər azalmaqda davam edir” fikirlər də ölkəmizin Avropanın enerji təminatında artan rolunu təsdiqləyir.

Beləliklə, Azərbaycan həm təşəbbüskar, həm əsas təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü rolunu oynayan bir dövlətdir. Nəzərdə tutulan hədəf və layihələrin həyata keçirilməsi Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemindəki rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Seçilən
21
azertag.az

1Mənbələr