AZ

"3-5 nəfərə qadağa qoymaqla 24 saatlıq efiri düzəltmək mümkün deyil" - Nəmənd Rüstəmov

Azərbaycan telekanallarında uzun müddətdir özbaşınalıqların şahidi oluruq. Xüsusən də şou-biznes xarakterli verilişlər evdə aparılan qeybət söhbətlərinə bənzəyir. Dünyada baş verən gərgin hadisələr fonunda tamaşaçı ekranı açaraq maraqlı və əyləncəli proqramlara baxıb gününə müsbət məna qatmaq istəsə də, əks mənzərə ilə qarşılaşır. Çünki bəzi verilişlərdə əsasən məşhur şəxslərin qalmaqalları və atmacaları gündəmə gətirilir. Bütün bunlar bəzi tamaşaçıların televiziya və efir məkanı ilə bağlı narazılığına səbəb olub, mədəniyyət və incəsənət xadimləri tərəfindən sərt tənqid edildikdən sonra bir sıra tədbirlər görülməyə başlanılıb. Belə ki, Audiovizual Şura ARB TV-də yayımlanan Elgiz Əkbərin aparıcılıq etdiyi “Elgizlə izlə” verilişinin, eləcə də Space TV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” proqramının yayımını dayandırıb. Bundan başqa, bəzi məşhur simaların efirə çıxışına da qadağa qoyulub.

Bəs bu kimi məhdudiyyətlər uzun müddətdir davam edən efir mədəniyyətinin korlanmasının qarşısını ala biləcəkmi? Telekanallardakı problemlərin mövcudluğunda əsas günahkarlar kimlərdir?
Bu barədə Patrul.az-a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Nəmənd Rüstəmov fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu cür verilişlərin bağlanması və ya efirə çıxışa qadağa qoyulması problemləri tam aradan qaldırmayacaq. Bunun üçün daha ciddi və sistemli yanaşma formalaşdırılmalıdır:
“Azərbaycan televiziyasını bilən də, bilməyən də tənqid edir. Amma əksər hallarda məsələyə səthi yanaşılır. Televiziya nədir, oradakı audiovizual kontent hansı şəraitdə və hansı imkanlarla hazırlanır, bunu bilmədən fikir bildirirlər. Demokratik ölkədə vətəndaşın fikir bildirməsi normaldır. Lakin bəzən səslənən fikirlər məntiqsiz olur. Başa düşmək lazımdır ki, veriliş məhsuldur, brenddir. Audiovizual kontentin ərsəyə gəlməsi müəyyən prosesdir və efirdə görünən hər şeyi “özbaşınalıq” adlandırmaq düzgün deyil. Ola bilər ki, maddi çətinliklər və reytinq uğrunda mübarizə bəzi hallarda xoşagəlməz üsullara əl atmağa səbəb olsun. Amma 3 verilişi bağlamaqla və ya bir neçə nəfərin efirə çıxışına qadağa qoymaqla televiziya düzəlmir. Bu sahədə problemi həll etmək üçün sistemli yanaşma lazımdır. Aparıcı verilişin sahibi deyil. Yalnız müəllif hüquqları rəsmi şəkildə ona məxsus olduqda rəhbərlik edə bilər. Əksər hallarda isə televiziya rəhbərliyi tərəfindən menecerlər təyin olunur və lazım gəldikdə aparıcı dəyişdirilə bilər. Necə ki, qalmaqallarla gündəmə gələn Tarix Əliyevin apardığı veriliş şirkət rəhbərliyinin qərarı ilə başqa şəxsə həvalə olundu. Bu problemlər təkcə aparıcılarla bağlı deyil, iqtisadi səbəblər də var. Televiziya sintetik sənət növüdür. Burada ssenari müəllifi, redaktor, kreativ komanda, prodüser, koordinator, vizajist, operator, rejissor, səs rejissoru və digər sahələr fəaliyyət göstərir. Ekranda gördüyümüz məhsul komanda işinin nəticəsidir”.

Həmsöhbətimiz qeyd edib ki, belə verilişlərin mövcudluğu təkcə aparıcının deyil, rəhbərliyin də məsuliyyətidir:
“Azərbaycan teleməkanında reytinqli verilişlərin bir çoxunun layihə rəhbəri elə həmin proqramın aparıcısıdır. Məsələn, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş öz layihələrinin rəhbərləridir. Yəni onlar efirə özbaşına çıxmırlar. Televiziya sistemdir və burada idarəetmə mexanizmi var. Ona görə də problemi “cərrahi müdaxilə” ilə həll etmək mümkün deyil. Azərbaycan teleməkanında istehsal olunan audiovizual kontentin səviyyəsi dünya teleməkanındakı ciddi proqramlarla müqayisədə zəifdir. Televiziyalarımızda jurnalist araşdırmaları demək olar ki, yoxdur. Bəzi seriallarda isə tamaşaçını təəccübləndirmək üçün qeyri-real üsullara əl atılır. Əsas reytinqli proqramlar ailə-məişət və şou-biznes yönümlüdür. Problem də buradan qaynaqlanır”.
N.Rüstəmovun sözlərinə görə, maliyyə imkanlarının məhdudluğu da vəziyyətə təsir göstərir:
“Ciddi imici qoruyan televiziya layihələri üçün böyük maliyyə vəsaiti tələb olunur. Amma teleməkanda böyük büdcə yoxdur. Televiziya kifayət qədər gəlir əldə etmirsə və əlavə maliyyə cəlb olunmursa, mövcud resurslarla işləməyə məcbur qalır. Xaotik görünən vəziyyəti düzəltmək üçün düzgün menecment, peşəkar prodüser yanaşması və güclü komandalar lazımdır. Normal maliyyə də təmin olunmalıdır. Misal olaraq, İTV bəlli bir büdcəsi ilə lisenziyalı beynəlxalq layiihələri alır və qoyulan tələblərə uyğun da həmin verilişləri icra edərək seyirciyə təqdim edir. “O səs Azərbaycan”, “Maska”, “Milyonçu” intellektual verilişləri buna misaldır. AzTV-də həmən məsələlərdə adı hallanmır. Çünki reytinq davasına ehtiyac yoxdur. Dövlət öz büdcəsi ilə maliyyələşdirir. Onun vəzifəsi dövlətin apardığı siyasəti təbliğ etməkdir. Tənqidə məruz qalan əsas həfəf bizim özəl televiziyalardır. Onları da bunlara məcbur edən situasiyalardır – tamaşaçının diqqətini cəlb edib, təəccübləndirmək lazımdır”.
Jurnalistin sözlərinə görə, televiziyadakı özbaşınalıqlar sosial şəbəkələrdə də müşahidə olunur. Birinə məhdudiyyət qoyulsa belə, onun yerinə oxşar digəri ortaya çıxır:
“Reallıq ondan ibarətdir ki, tamaşaçıların bir qismi artıq sosial şəbəkələrə üstünlük verir. İnsanlar informasiyanı “TikTok”, “YouTube” kimi platformalardan alır. Orada məhdudiyyətlər daha azdır. Efir televiziyalarında isə ciddi qaydalar və prosedurlar mövcuddur. Hər hansı verilişi bağlamaq çıxış yolu deyil. Sosial şəbəkələrdə də bir nəfərə məhdudiyyət qoyulsa, onun yerini başqası tutur. Televiziyada da vəziyyət oxşardır. Boş yer qalarsa, onu dolduran tapılacaq. Buna görə də problemi kompleks yanaşma ilə həll etmək lazımdır. Aparıcıları dəyişməklə və ya proqramları bağlamaqla məsələ həll olunmur. Elə verilişlər var ki, bir neçə dəfə bağlanıb və yenidən efirə qayıdıb. Bəzi formatlar qazanc gətirdiyi və sponsor dəstəyi olduğu üçün menecerlər onlarla hesablaşmağa məcbur qalırlar. 3-5 verilişi bağlamaq və ya bir neçə nəfərin efirə çıxışına qadağa qoymaqla gün ərzində 24 saat yayımlanan onlarla telekanalın fəaliyyətini düzəltmək mümkün deyil. Bunun üçün sistemli və ciddi yanaşma tələb olunur”.
Seçilən
25
yenilik.az

1Mənbələr