AZ

Yer üzündəki ilk insan necə oruc tuturdu?..-MARAQLI

“Adəmin (əleyhissalam) yer üzünə endirilməsindən qırx ili keçdi. Və bu qırx il ərzində o, heç nə yemədi! Bu, təəccüblü görünür, amma belə idi. Daha da təəccüblüsü, əcdadımızın ilk yeməyini necə hazırlayıb yeməsi hekayəsidir...”
 
Dünyanın hər yerində müsəlmanlar Ramazan günlərini yaşayır. Sübhdən gün batana qədər oruc tutub yemək-içməkdən çəkinərək özlərini Allaha xidmətə həsr edirlər. Bəs, görəsən, çox qədim dövrlərdə insanlar necə oruc tutardılar, xüsusən də yer üzündəki ilk insan necə oruc tutub?
 
Əlbəttə, çağdaş dünyamızda hələlik bu haqda alimlərin araşdırmalarına və tarixi faktlara əsaslanaraq danışmaq mümkün deyil. Bu suala yalnız rəvayətlər əsasında cavab vermək mümkündür. Moderator.az 2012-ci ildə doğa kəndində terakt nəticəsində həlak olmuş Dağıstanın möhtərəm sufi şeyxi Səid-Əfəndi əl-Çirkavinin "Peyğəmbərlərin tarixi" kitabındakı materiallardan istifadə edilərək hazırlanmış və İslamşru saytında dərc edilmiş “İlk insan necə oruc tuturdu” başlıqlı rəvayətin tərcüməsini bu mövzularla maraqlanan dəyərli oxucuların diqqətinə çatdırır:
 
Məlum olduğu kimi, Allahın yaratdığı ilk insan Adəm (əleyhissalam) idi və o, Cənnətdə yaşayırdı. Lakin etdiyi bir günaha görə əcdadımız səmavi məskənindən yerə endirildi. Bu, cümə günü gün batanda baş verdi. Deyilənə görə, Adəmin (əleyhissalam) endiyi Hindistandakı Rahun dağında onun ayaq izi qalır və o vaxtdan bəri bu yer gecə-gündüz nurla işıqlanır. Adəmin həyat yoldaşı, ə ulu anamız Həvva da Cənnətdən qovuldu və Allahın əmri ilə Hicazda, Duz (Qırmızı) dənizinin sahilində, hazırda Ciddə şəhərinin yerləşdiyi ərazidə məskunlaşdı.
Adəm Cənnətdən necə qovuldu?..
 
Adəm (əleyhissalam) Cənnətdən yer üzünə qovulduqda tamamilə çılpaq idi. Günəş şüalarına öyrəşməmiş əcdadımızın bədəni günəşdən yanmış və susuzluqdan əziyyət çəkmişdi. Rahatlıq axtarışında o, Cəbrayıl mələyə (əleyhissalam) müraciət etdi. Adəmin (əleyhissalam) dərdini yüngülləşdirmək üçün mələk Həvvaya Cənnətdən bir qoç gətirdi və ona heyvanı necə qırxmağı, yununu ipliyə çevirməyi və toxumağı öyrətdi. Cəbrayıl (əleyhissalam) tamamlanmış paltarı Adəmə gətirdi və o, onu geyinəndə rahatlıq hiss etdi. Həvva onu kimin üçün toxuduğunu bilmirdi və Adəm də onu kimin hazırladığını bilmirdi...
 
Beləliklə, Adəmin (əleyhissalam) yer üzünə endirilməsindən qırx ili keçdi. Və bu qırx il ərzində o, heç nə yemədi! Bu, təəccüblü görünür, amma belə idi. Daha da təəccüblüsü, əcdadımızın ilk yeməyini necə hazırlayıb yeməsi hekayəsidir.
Cəbrayıl mələk(əleyhissəlam) Cənnətdən iki öküz gətirdi və Adəmə torpağı necə becərməyi öyrətdi...
 
Uca Allah bəndələrinin zəif xarakterindən xəbərdardır, çünki onları yaradan Odur. Buna görə də, sonsuz mərhəmətinin təzahürü olaraq, bəndələrinə tövbə etmək və ruhlarını təmizləmək, pis əməllərdən əl çəkmək imkanı verdi...
 
Cəbrayıl (əleyhissalam) Cənnətdən iki öküz, eləcə də əkinçilik alətləri gətirdi və Adəmə (əleyhissalam) torpağı becərməyi və taxıl əkməyi öyrətdi. Buğda əkindən dərhal sonra cücərdi və yetişdi. Mələk həmçinin əcdadımıza yetişmiş məhsulu necə biçməyi, taxılı necə üyütməyi və un hazırlamağı da öyrətdi və ona dəyirman daşı əvəzinə iki daş verdi. Çörəyi bişirməkdən ötrü od yandırmaq üçün Cəhənnəmdən bir parça kömür gətirildi. Əvvəlcə onun istiliyini azaltmaq üçün yeddi dəfə suya batırıldı, əks halda bütün yer üzünü yandırardı.
 
Çörək hazır olduqda və Adəm (əleyhissalam) onu yemək üzrə olanda Cəbrayıl (əleyhissalam) onu saxladı və dedi: "Əgər gün batana qədər gözləsən, orucun bitəcək". Bu, orucun açılması üçün təyin olunmuş vaxt idi və Adəm (əleyhissalam) yer üzündə oruc tutan ilk şəxs oldu və bununla da gələcək nəsillər üçün təməl qoydu...
 
Çörək kömbəsi...
Orucu açmaq, yəni vaxtı çatanda və əcdadımız çörəyi götürmək üçün əlini uzatdıqda, çörək bir dağın arxasına yuvarlandı. Adəm (əleyhissalam)  yerindən sıçradı və onun ardınca qaçdı. Mələk dedi: "Tələsdin. Çörəyin ardınca qaçmasaydın, daha yaxşı olardı, çünki özü sənə qayıdardı." Bu, Allahın hökmü olduğundan, biz - Adəm (əleyhissalam) nəslindən olanlar - öz zəhmətimizlə dolanışığımızı (rizqi) qazanmağa məcbur olduq. Çörək Adəmə (əleyhissalam) qayıdanda, o, yarısını yedi, digər yarısını isə gələcək istifadə üçün saxladı. Mələk dedi: "Bunu etməsəydin, daha yaxşı olardı." Beləliklə, qənaət etmək insanların qismətinə çevrildi...
 
Çörəyin yarısını yeyib susuzluq hiss etdikdən sonra əcdadımız onun üstündən su içdi, amma mədəsində narahatlıq və ağrı hiss etdiyindən Cəbrayıla (əleyhissalam) şikayət etdi, bundan sonra mələk onun təbii ifraz yollarını açaraq vəziyyətini yüngülləşdirdi..."
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Seçilən
9
1
moderator.az

2Mənbələr