AZ

Media: Yaponiya yüksək neft qiymətləri səbəbindən tənəzzül riski ilə üzləşir

Pekin, 3 mart, AZƏRTAC

Yaponiyanın nüfuzlu Nomura Araşdırmalar İnstititunun ekspertləri hesab edir ki, Yaxın Şərqdəki gərginlik səbəbindən xam neftin qiymətləri artmağa davam edərsə, Yaponiya iqtisadiyyatı tənəzzül riski altında olacaq.

AZƏRTAC NHK kanalına istinadla xəbər verir ki, institutunun eksperti Kiuçi Takahide ən çox ehtimal olunan ssenarinin münaqişənin uzanması və Hörmüz boğazından xam neft axınında yaranacaq fasilə olacağını söyləyib.

Onun sözlərinə görə, bu cür gedişatla xam neftin qiymətləri təxminən 30 faiz arta, bunun nəticəsində Yaponiyanın real ÜDM-i illik 0,18 faiz azala və inflyasiyaya səbəb ola bilər.

“Qiymətlər artmağa davam edərsə, ölkədə fərdi istehlak səviyyəsi tab gətirə bilməz və Yaponiya iqtisadiyyatı tənəzzülə uğraya bilər. Xam neftin qiyməti nə qədər artarsa, iqtisadiyyata bir o qədər böyük təsir göstərəcək”, - deyə Kiuçi Takahide bildirib.

O əlavə edib ki, vəziyyət pisləşərsə, hökumət artan qiymətlərin qarşısını almaq üçün tədbirləri müzakirə etməli, o cümlədən Mərkəzi Bankı faiz dərəcələrinin artırılmasını təxirə salmağa məcbur etməli olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
23
1
azertag.az

2Mənbələr