Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün “Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək ölməsi faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Səyyar Nuriyev bildirib ki, çökmə baş verən yerin yanında obyekti var: "Çökmə mənim obyektimin düz qarşısında baş verib. Hadisə iş vaxtından sonra olub deyə mən və işçilərim onu görməyib. Ümumiyyətlə, ərazidə çökmələr ötən il yanvarın sonu, fevralın əvvəlindən etibarən baş verib. Şəxsən mən 3 dəfə "Azərsu"nun qaynar xəttinə zəng edib şikayət etmişəm. Hətta onlar yolun qarşısında təmir aparanda yaxınlaşıb problemi demişəm. Deyiblər ki, ərazidə təmir işləri apara-apara gəlirlər, yavaş-yavaş düzələcək. Yayılan məlumatlara görə, quraşdırılan dəmir məhəccərləri biz götürmüşük. Bunlar yalandır. Quraşdırılan dəmirlər az idi və ərazini tam əhatə etsin deyə ətrafına lent dolamışdılar. Həmin dəmirlər yerə tam bərkidilməmişdi. Onlar məhəccərlərin yerini mütəmadi özləri dəyişirdilər, aparırdılar".
Təqsirləndirilən Azər Cümşüdov isə bildirib ki, məhəccərlər kifayət qədər olduğu üçün yerinin dəyişdirilməsinə ehtiyac olmayıb: "Sahibkar yalan deyir. Biz dəmirləri götürməmişik. Bizim digər ərazilərə kifayət edəcək qədər dəmirimiz vardı. Ora diktin tökülməsi təhlükə yaradırdı. Əgər çuxur olsa, bəlkə zərərçəkən görüb ora yaxınlaşmazdı. Hadisə baş verdikdək sonrakı gün bizim işçilər gördü ki, dəmirləri sahibkarlar yığıb öz obyektlərinə qoyublar. Hətta hazırda həmin yerə təmir materialları yığılıb".
Şahid Azər Cümşüdovun dediklərininin yalan olduğunu deyib. Bildirib ki, dəmirlərin kimin tərəfindən götürüldüyünü bilmək üçün kameralara baxılması kifayətdir.
Şahid kimi ifadə verən digər sahibkar Asif Həbibov isə bildirib ki, hadisə baş verən ərazi onun da obyektinə yaxındır: "Hadisənin tam şahidi olmamışam. Amma təqribən iki aydan çox o ərazi o vəziyyətdə qalıb. Mən də məcbur oldum, öz dəmirlərimlə ərazini mühafizəyə aldım. Bundan 1-2 həftə sonra onlar gəlib ərazini məhəccərlə bağladılar. Bu prosesdən 3-4 gün sonra öz dəmirlərimi ərazidən götürdüm. Çünki mən onları kirayə verməklə pul qazanırdım".
Növbəti proses martın 17-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.