AZ

“Uşaq hüquqları haqqında” yeni qanun təsdiqləndi

Bakı, 3 mart, AZƏRTAC

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin martın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bu Qanun ölkədə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.

Səkkiz fəsil, 63 maddədən ibarət qanun layihəsində nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir. Azərbaycanda olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.

Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunda göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur.

Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Foto Aydın Məmmədov

Seçilən
0
3
azertag.az

5Mənbələr