AZ

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır

Bakı, 28 yanvar, AZƏRTAC

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bu Qanun Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.

Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir.

Bu Qanunda nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir. Azərbaycanda olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.

Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunda göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur.

Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.

Seçilən
78
azertag.az

1Mənbələr