AZ

“Bizi qaçmağa məcbur edəcəklər” - Yığmamızı çalışdıran

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniya yığmasının üstün və zəif cəhətlərini yaxşı bilir.

Sportinfo.az xəbər verir ki, mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali Makedoniyaya qarşı keçirəcəkləri matçda qələbə qazanmaq istədiklərini vurğulayıb:

"Bu rəqibə qarşı ilk dəfədir oynayırıq. Rəqibi təhlil etmişik. Üstün və zəif cəhətlərini yaxşı bilirik.

İlk oyunumuza çıxırıq. İlklər həmişə çətin olur. Evdə maksimum xal qazanmaq istəyirik".

S.Əsgərov heyətdəki əksər oyunçuların legioner həyatı yaşadığını xatırladıb:

"Özümüzü inkişaf etdirməyə çalışırıq. Heyətin əksər üzvləri legioner həyatı yaşayır.

Bu da bir layihədir. Ən yaxşı futbolçuları ölkə xaricinə çıxarmışıq.

Oyunçuların durumu istədiyimiz kimidir. Qısa müddətdə qızları oyuna hazırlamağa çalışırıq. Planlarımızı qızlara çatdırmışıq".

Baş məşqçi rəqiblərinin güclü olduğunu sözlərinə əlavə edib:

"Hər kəs qrupda birinci olmaq istəyir. Amma reallıq da var. Həm Şimali Makedoniya, həm də Macarıstan komandalarından xal almağa çalışacağıq.

Ən azı pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Şimali Makedoniyanın keyfiyyətli futbolçuları var.

Bizi meydanda qaçmağa məcbur edəcəklər. İnanıram ki, komandamız bunun öhdəsindən gələcək və rəqibin hücumlarının qarşısını alacaq gücdədir".

Azərbaycan - Şimali Makedoniya matçı bu gün "Dalğa Arena"da saat 15:00-da start götürəcək.

Seçilən
21
sportinfo.az

1Mənbələr