Bu gün Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında artan hərbi gərginlik qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır.
Mümkün müharibə ssenarisi enerji bazarlarında kəskin dalğalanmalara, inflyasiyanın sürətlənməsinə və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər.
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, ABŞ, İsrail və İran arasındakı müharibənin təsiri təkcə regional deyil, eyni zamanda qlobal miqyasda şok effekti yarada bilər:

“Bu hal birinci növbədə dünyada neft və qaz qiymətlərinin bahalaşmasına gətirib çıxara bilər. Məhz İran Hörmüz boğazına nəzarət edən əsas ölkələrdən biridir və dünyanın neftinin təxminən 20 % bu marşrut üzərindən keçir. Müharibə davam edərsə, dünyada kəskin bahalaşma ola bilər və bu bahalaşma 50, hətta 100 % qədər arta bilər.
Bu hal isə qlobal inflyasiyaya səbəb ola bilər. Hörmüz boğazının bağlanması nəqliyyat və istehsal xərclərini artıra, nəticədə daşınma xərclərinin bahalaşmasına gətirib çıxara bilər. Nəqliyyat və istehsal xərclərinin artması qlobal ərzaq indekslərinin yüksəlməsinə səbəb ola bilər”.
O bildirib ki, bütün məhsulların istehsalında yanacaqdan istifadə olunduğuna görə, enerji qiymətlərinin artması bütün məhsulların qiymətinə təsir göstərə bilər:
“İran kimya və kənd təsərrüfatı sənayesində, gübrə və neft sektorunda önəmli istehsalçılardan biridir. Azərbaycan bir sıra kənd təsərrüfatı və kimya məhsullarını, eləcə də plastik tara və materialların xammalını İrandan əldə edir. Belə olduğu halda ciddi bahalaşma müşahidə oluna bilər.
Azərbaycanın ən yaxın logistika tərəfdaşlarından biri İrandır. Ərzaq mallarının, xüsusilə kənd təsərrüfatı məhsullarının əsas hissəsi İrandan gəlir. Bu məhsullar, hətta Türkiyədən ölkəmizə gətirilən məhsullardan həm daha ucuz, həm də keyfiyyətli olur”.
Ekspert qeyd edir ki, müharibənin Azərbaycanın iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirləri ola bilər:
“Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan da neft və qaz istehsalçısıdır. Əgər dünyanın 20 % neftinin daşındığı boğaz bağlanarsa və neft qiymətləri kəskin bahalaşarsa, Azərbaycanın neft satışından büdcə gəlirləri arta bilər. Neftin qiymətinin artması nəticəsində Dövlət Neft Fondunun da gəlirləri yüksələ bilər.
Mənfi tərəfi isə ondan ibarətdir ki, Azərbaycan daxili istehlak məhsullarının, xüsusilə qida məhsullarının böyük hissəsini xaricdən idxal edir. Daha ucuz və rahat logistika imkanlarına görə məhsulların əhəmiyyətli hissəsi İrandan gətirilir. Bu səbəbdən kənd təsərrüfatı və qida məhsullarının qiymətində artımlar ola bilər.
Yəni neft qiymətlərinin bahalaşmasından əldə edilən gəlir, idxalın bahalaşması səbəbindən ölkədən çıxan valyuta ilə kompensasiya oluna və ya itirilə bilər”.