AZ

Yaxın Şərqdə müharibə enerji bazarlarını silkələdi: Avropada qazın qiyməti 20 faiz bahalaşdı

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar qlobal enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub. Hərbi gərginliyin genişlənməsi fonunda investorların risk algısı artıb və bu, xüsusilə Avropa qaz bazarında qiymət sıçrayışı ilə müşahidə olunub.

NOCOMMENT.az xəbər verir ki, bazar ertəsi ticarət sessiyasının açılışında Avropada təbii qazın qiyməti dərhal 20 faiz yüksəlib. Londonun ICE Futures Europe birjasının məlumatına görə, Niderlandın TTF habında aprel fyuçerslərinin dəyəri min kubmetr üçün təxminən 470 dollara (və ya hər MVt-saat üçün 38,67 avro) çatıb. Qeyd olunur ki, ICE platformasında qiymətlər əsasən avro/MVt-saat vahidi ilə nominasiya olunur və TTF Avropada qaz üçün əsas istinad göstəricisi hesab edilir.

Analitiklər qiymət artımını ilk növbədə Hörmüz boğazı ətrafında yaranmış gərginliklə əlaqələndirirlər. Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş qaz daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtədir. Bölgədə hərbi risklərin artması qlobal enerji təchizatı zəncirində mümkün qırılma ehtimalını gücləndirir. İranın regional tankerlərə və enerji infrastrukturuna zərbələr endirməsi barədə yayılan xəbərlər də bazarlarda panika elementini artırıb.

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli məsələni NOCOMMENT.az-a şərh edərək bildirib ki, enerji bazarları geosiyasi risklərə ən həssas sahələrdən biridir.

Onun sözlərinə görə, real fiziki çatışmazlıq yaranmasa belə, risklərin artması fyuçers bazarında qiymətlərin sürətlə yuxarı qalxmasına səbəb olur.

Ekspert vurğulayıb ki, Hörmüz boğazında hər hansı uzunmüddətli blokada və ya hərbi eskalasiya baş verərsə, bu, yalnız qaz deyil, neft qiymətlərində də ciddi artıma gətirib çıxara bilər:

“Avropa hələ də enerji təhlükəsizliyi baxımından həssas mərhələdədir və alternativ marşrutların və təchizat mənbələrinin genişləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, bazar psixologiyası qiymət formalaşmasında əsas rol oynayır. Əgər hərbi əməliyyatlar uzunmüddətli xarakter alarsa, Avropada qazın qiyməti daha yüksək hədlərə çata bilər və bu, inflyasiya təzyiqlərini yenidən gücləndirə bilər”.

Ekspert əlavə edib ki, enerji qiymətlərinin artması Azərbaycan kimi ixracatçı ölkələr üçün qısamüddətli dövrdə əlavə gəlir imkanları yaratsa da, qlobal iqtisadi qeyri-müəyyənliyin dərinləşməsi ümumi ticarət dövriyyəsinə və maliyyə bazarlarına mənfi təsir göstərə bilər.

Onun qənaətinə görə, mövcud mərhələdə əsas amil hərbi eskalasiyanın miqyası və müddəti olacaq.

Tunar
NOCOMMENT.az

Seçilən
0
11
nocomment.az

10Mənbələr