Reuters: Hörmüz boğazı ətrafında gərginlik bazarlarda kəskin bahalaşmaya səbəb olub...
Poliqon xəbər verir ki, Yaxın Şərqdə artan hərbi qarşıdurma fonunda dünya bazarlarında neftin qiyməti kəskin şəkildə yüksəlib. Reuters agentliyinin məlumatına görə, 1 mart tarixində Brent markalı neftin qiyməti 10% artaraq bir barel üçün təxminən 80 ABŞ dollarına çatıb.
Bildirilib ki, dünya neft bazarında son ticarət əməliyyatları 27 fevral, cümə günü baş tutub və həmin gün qiymətlər iyul ayından bəri ən yüksək səviyyəyə — 73 dollaradək qalxıb. Həftəsonu fyuçers əməliyyatları aparılmayıb və ticarətin 2 mart tarixində bərpa olunacağı gözlənilir.
Ekspertlər qiymət artımının əsas səbəbi kimi Hörmüz boğazı ətrafında yaranmış gərginliyi göstərirlər. ICIS şirkətinin energetika və emal üzrə direktoru Acay Parmarın sözlərinə görə, qlobal xam neft daşımalarının təxminən 20%-nin həyata keçirildiyi Hörmüz boğazının bağlanması bazarlarda ciddi narahatlıq yaradıb və bu da qiymətlərin sürətlə artmasına təkan verib.
Məlumata əsasən, İran tərəfindən gəmilərə boğazdan keçməmək barədə xəbərdarlıq edildikdən sonra bir çox tanker sahibləri, iri neft şirkətləri və ticarət evləri xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz daşımalarını müvəqqəti dayandırıblar.
Analitiklərin proqnozlarına görə, 2 mart tarixində bərpa olunacaq ticarət sessiyasında neftin bir barelinin qiyməti 90–100 dollar aralığında formalaşa bilər.
Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçidə icazə verilməyəcəyini açıqlayıb. Bununla belə, İranın rəsmi qurumları boğazın bağlandığını rəsmən elan etməyib. İran Xarici İşlər Nazirliyi 1 mart tarixində verdiyi bəyanatda boğazın bağlanmasının və beynəlxalq gəmiçiliyin pozulmasının planlaşdırılmadığını bildirib.
Dünyanın ən böyük konteyner daşımaları şirkəti olan Maersk də 1 mart tarixində təhlükəsizlik səbəbilə yük gəmilərinin Hörmüz boğazından keçidini dayandırdığını açıqlayıb.
Qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsi qlobal enerji bazarlarında əlavə təlatümlərə səbəb ola bilər və bu, həm istehlakçı ölkələrdə yanacaq qiymətlərinə, həm də inflyasiya göstəricilərinə birbaşa təsir göstərə bilər.
Poliqon.info