AZ

® Pediatriya mövzusunda beynəlxalq konqres işə başlayıb

Fevralın 27-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş beynəlxalq konqres öz işinə başlayıb.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra konqres iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konqresin açılış mərasimində Azərbaycan Tibb Universitetinin prorektoru, professor Məlahət Sultan, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev, I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov və digər başqaları çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycanda pediatriya sahəsinin sistemli və dayanıqlı inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi dövründə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib, səhiyyə infrastrukturunun möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin yaradılması və mövcud xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin siyasət nəticəsində, xüsusilə ana və uşaq sağlamlığının qorunması sahəsində mühüm uğurlar əldə olunub, pediatriya xidmətinin inkişafı üçün möhkəm təməl formalaşıb.

Bildirilib ki, həmin strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl islahatlar pediatriya sahəsinin daha da inkişafına, uşaqların sağlam gələcəyinin təmin olunmasına xidmət edir.

Professorlar Ənvər Həsənoğlu, Özgür Kasapçopur və Nailə Sultanovanın moderatorluğu ilə başlayan plenar sessiyada professor Rauf Bəylərov “Pediatriya: Tarix, irs və gələcəyə baxış”, Atlas Universitetinin Tibb fakültəsinın dekanı, professor Metin Çetinkaya “Gələcəyin pediatrı – 2035 baxışı: Rəqəmsal, genetik və sosial çağırışlar”, akademik Qorelov Aleksandr Vasilyeviç “Respirator virus infeksiyalarının müalicəsində aktual tövsiyələr” və Əməkdar elm xadimi, professor Lalə Allahverdiyeva “Pediatriyada azalmayan problem: Xroniki öskürək – yeni alqoritmlər və rəqəmsal tətbiqlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonra konqres işini seksiyalarda davam etdirib. Seksiyalar akademik, Əməkdar elm xadimi Adilə Əvəz qızı Namazovanın 100 illik yubileyinə, professor Amaliya Abdulla qızı Əyyubovanın 90 illik yubileyinə, professor Surxay Novruz oğlu Musayevin 75 illik yubileyinə, Əməkdar elm xadimi, professor Nəsib Cəfər oğlu Quliyevin 75 illik yubileyinə və professor Səfixan Şamil oğlu Həsənovun 70 illik yubileylərinə həsr olunub.

Qeyd edək ki, fevralın 28-də konqresin ikinci günü Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında keçiriləcək və Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri — Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illik yubileyinə həsr olunacaq.

Səhiyyə Nazirliyinin “Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.

Seçilən
32
1
azertag.az

2Mənbələr