AZ

"Sərhəddə bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlamalıyıq" - Deputatdan ÇAĞIRIŞ

"Ermənistanın prezidentləri olmuş Köçəryan və Sarkisyanın rəhbərliyi altında erməni faşistləri Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalının dinc sakinlərini uşaq, qadın, qoca demədən dəhşətli bir qırğına məruz qoyublar. Bu faciənin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan Heydər Əliyev Fondunun fəaliyyətini də qiymətləndirmək lazımdır. Xocalı işğaldan azad olunsa da, həmin cinayəti törətmiş canilər son nəfərinə qədər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahatlıq tapa bilməz".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq dövlət orqanları da Xocalıda və ətraf ərazilərdə soyqırımı törətmiş, təhqiramiz cinayətlərə yol vermiş faşistlərin cəzalandırılması üçün qəti addımlar atmalıdır:

"Bu gün həmin qatillər Ermənistanda yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Ermənistanda sülh tərəfdarları açıq şəkildə bəyan ediblər ki, qarşıdan gələn parlament seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İraqın keçmiş baş naziri Əl-Maliki yanvarın sonunda hakimiyyətə qayıtmaq istəyəndə Tramp açıq şəkildə bəyan etdi ki, bunun İraq üçün ağır nəticələri olacaq və bu, ABŞ-İraq münasibətlərinə ciddi təsir göstərəcək. İndi vaxtıdır ki, Azərbaycan Ermənistan xalqına açıq müraciət etsin və Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsinin Ermənistan üçün ağır nəticələrə səbəb olacağını bəyan etsin. Ermənistanda erməni faşistlərinin yenidən hakimiyyətə gələcəyi halda mümkün təxribatların qarşısını almaq məqsədilə biz sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlamalıyıq. Azərbaycan eyni zamanda Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir. Bununla yanaşı, Azərbaycan iqtidarı Ermənistanda parlament seçkilərinədək sülh prosesini davam etdirərək bu gün çətin vəziyyətdə olan Paşinyanla sülh sazişi imzalamağa çalışmalıdır. Həmin sülh prosesinə dəstək olaraq, Ermənistanla nəqliyyat xətləri açıldıqdan sonra iqtisadi və humanitar əlaqələr də qurulmalıdır".

Nuriyyə NATİQQIZI

 

Seçilən
11
1
redaktor.az

2Mənbələr