AZ

Pakistan Əfqanıstanın paytaxtını və digər şəhərləri bombaladı... 133 döyüşçü öldürüldü...

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistan Əfqanıstanın paytaxtı Kabil və digər şəhərləri bombalayıb. Bu hücumlar Əfqanıstan qüvvələrinin Pakistanın ortaq sərhədləri boyunca hərbi mövqelərinə hücumlarından sonra baş verib.

Moderator.az-ın "Əl-Cəzirə" kanalına istinadla verdiyi xəbərə görə, Pakistanın müdafiə naziri Xavaca Asif cümə günü bildirib ki, ölkəsinin qonşu Əfqanıstandakı Taliban hakimiyyətinə qarşı "səbri tükənib" və Pakistan artıq "açıq müharibə" aparacaq.

"Əl-Cəzirə"nin Kabildəki müxbiri Nasir Şadid Əfqanıstan paytaxtına cümə gününə keçən gecə yerli vaxtla saat 01:50-də (Bakı 02:20) bombalı hücum edildiyini, ardınca ikinci hava hücumunun həyata keçirildiyini bildirib.

Şadidin sözlərinə görə, Əfqanıstanın zenit topları birinci basqından sonra atəş açıb və ikinci basqından sonra da atəşə davam edib.

Əfqanıstan hökumətindəki bir mənbə "Əl-Cəzirə"yə Kabilə hava hücumu edildiyini və Pakistanın hərbi təyyarələrinin Əfqanıstanın cənubundakı Qəndəhar əyalətindəki hərbi bazaya da zərbə endirdiyini təsdiqləyib.

Pakistanın müdafiə naziri Asif hücumu ölkəsinin Əfqanıstandan gələn "təcavüz"dən sonra törətməyə məcbur edildiyi kimi qiymətləndirib.

Pakistanın informasiya naziri Attaullah Tarar cümə günü Pakistanın hücumlarında 133 Əfqanıstanlı Taliban döyüşçüsünün öldürüldüyünü və Kabil, Qəndəhar və Paktiyada Taliban mövqelərinin hədəf alındığını iddia edib.

Tarar doqquz Taliban mövqeyinin ələ keçirildiyini və 27-sinin məhv edildiyini bildirib və Pakistan hücumlarının davam etdiyini əlavə edib.

Zərbələr cümə axşamı günü Əfqanıstan qüvvələrinin iki ölkənin ortaq sərhədindəki Pakistan mövqelərinə hücumlarından sonra baş verib.

Əfqanıstan hərbi mənbəyi "Əl-Cəzirə"yə bildirib ki, hücumlarda 10 Pakistan əsgəri ölüb, 13 post ələ keçirilib.

Mənbə əlavə edib ki, hücumlar bazar günü Pakistanın sərhəd bölgəsindəki Əfqanıstan mövqelərinə hücumlarına cavabdır.

Pakistan bazar günü etdiyi hücumlarda ən azı 70 döyüşçünün öldürüldüyünü iddia etsə də, Əfqanıstan bu iddianı rədd edərək mülki şəxslərin öldürüldüyünü bildirib.

Asif bildirib ki, “Pakistan vəziyyəti birbaşa vasitələrlə və dost ölkələr vasitəsilə normal saxlamaq üçün bütün səylərini göstərib. O, tam hüquqlu diplomatiya ilə məşğul olub. Lakin Taliban Hindistanın nümayəndəsinə çevrilib”.

“Keçmişdə Pakistanın rolu müsbət olub. 50 ildir ki, 5 milyon əfqanı qəbul edib. Hətta bu gün də milyonlarla əfqan bizim torpaqlarımızda dolanışıqlarını təmin edir. Səbr kasamız daşıb. İndi isə aramızda açıq müharibə gedir”, - deyə Asif əlavə edib.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
moderator.az

2Mənbələr