AZ

Şəhidin həyatı yarımçıq qalsa da, idealları tamamlanmış, arzusu gerçəkləşmişdir

Çünki Vətən sağdır, bayraq dalğalanır, xalq başı dik yaşayır

“Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsi Azərbaycan xalqının yaddaşına həkk olunmuş müqəddəs bir and, sarsılmaz bir inamdır. Bu sözlər sadəcə şüar deyil, əsrlər boyu torpaq uğrunda canından keçən igidlərin qanı ilə yazılmış həqiqətdir. Şəhidlik ən ali zirvədir. Bu zirvəyə ucalan insan cismani olaraq aramızdan getsə də, adı və ruhu xalqın qəlbində əbədi yaşayır. Onların xatirəsi yaşadıqca, millətin birliyi və Vətənə bağlılığı daha da möhkəmlənir.

Vətən anlayışı hər bir insan üçün doğma torpaq, ana dili, bayraq və tarix deməkdir. Bu dəyərlər təhlükə altına düşəndə xalq öz qəhrəman övladlarını önə verir. Şəhidlər məhz bu müqəddəs dəyərləri qorumaq üçün canlarından keçirlər. Onların fədakarlığı nəticəsində Vətən bütöv qalır, sərhədlər qorunur, bayraq azad səmalarda dalğalanır.

Rüstəmov Mikayıl Ənvər oğlu Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adı ehtiramla çəkilən, Vətən yolunda canından keçərək şəhidliyin zirvəsinə ucalan igidlərdən biridir. Onun həyatı, mübarizəsi və müqəddəs amal uğrunda göstərdiyi fədakarlıq bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu ucalığa yalnız Vətəni canından artıq sevən, torpağın hər qarışını namus bilən insanlar yüksələ bilir. Mikayıl da məhz belə oğullardan idi.

O, 1970-ci ildə Ağdam rayonunun Bağbanlı kəndində dünyaya göz açmış, milli-mənəvi dəyərlərlə böyümüşdü. Uşaqlıq illərindən mərdliyi, sədaqəti və dürüstlüyü ilə seçilirdi. Məktəb illərində müəllimlərinin və yoldaşlarının hörmətini qazanmış, Vətən haqqında danışanda gözlərində xüsusi bir parıltı yaranmışdı. Hələ o zamanlardan torpaq, bayraq, dövlət anlayışları onun üçün müqəddəs idi. Azərbaycanın keçdiyi çətin tarixi mərhələlər, işğal altında qalan torpaqlarımız barədə eşitdikcə qəlbində bir gün bu torpaqları azad görmək arzusu böyüyürdü.

Hər bir gənc kimi onun da arzuları, planları vardı. Ailəsinə dayaq olmaq, cəmiyyətə faydalı bir insan kimi yetişmək istəyirdi. Lakin Vətənin dar günündə tərəddüd etmədən silaha sarılmaq, torpaqların müdafiəsinə qalxmaq onun üçün seçim yox, borc idi. Çünki o anlayırdı ki, azadlıq və müstəqillik yalnız sözlə deyil, qanla, canla qorunur. Azərbaycan əsgəri kimi xidmətə başlayanda artıq öz taleyini Vətənin taleyi ilə birləşdirmişdi.

Döyüş meydanı insanın əsl simasını ortaya qoyur. Mikayıl Ənvər oğlu da ən çətin anlarda cəsarəti və soyuqqanlılığı ilə seçilmişdi. Silahdaşlarının xatirələrində o, hər zaman ön sırada gedən, təhlükədən qorxmayan, ruh yüksəkliyi ilə döyüşən bir əsgər kimi qalır. O bilirdi ki, arxasında xalq dayanır, gözlər Vətən oğullarının üzərindədir. Bu məsuliyyət onu daha da mətinləşdirirdi. Hər bir addımında Azərbaycan bayrağının şərəfini qoruduğunu hiss edirdi.

Qəhrəman döyüşçümüzün qardaşı ehtiyatda olan polis zabiti Elşən Rüstəmov Mikayılla bağlı xatirələrini bölüşərkən onun çox igid, cəsur, vətənsevər bir oğlan olduğunu deyir. Qeyd edir ki, mənfur düşmən 90-cı illərdə kəndlərimizə hücuma başlayanda vəziyyət hər yerdə çox ağır idi:

“Biz kənddə dayaq dəstələri düzəldib hər axşam kəndimizi qoruyurduq. Mikayıl da o dəstələrə qoşulardı. Hər axşam çıxıb postlarda durardı. 1991-ci ildə Milli Qəhrəman polkovnik-leytenant Şirin Mirzəyev Ağdama gəlib rayon və kəndlərdə nizami ordu yaratmaq üçün dəstələr yığırdı. O zaman Bağbanlarda da olmuşdu. Və kəndimizin igid oğulları həmin vaxt ordu sıralarına yazıldı. Mikayıl da öz dostları İqbal Məmmədov, Rövşən Qarayev, Elyaz Budaqov və digərlərilə yazılmışdı. Beləcə kəndin vətənpərvər, qorxmaz igid oğulları könüllü olaraq kəndimizi qorumaq üçün mübarizəyə başladı”.

Elşən Rüstəmov deyir ki, Mikayıl çox cavan olmasına baxmayaraq, bütün döyüşlərdə iştirak etməyə can atardı:

“Bilirsiniz o vaxtlar silah az idi. Bağbanlar rotasında 140-a qədər qəhrəman döyüşürdü. Amma 25 silahımız var idi. Ordu yavaş-yavaş formalaşırdı. Şirin Mirzəyev gənc əsgərləri döyüşlərə buraxmamaq üçün Çullu kəndində tədris batalyonu yaratdı. Ora da təcrübəli zabit və əsgərlər lazım idi. Mikayıl da bacarıqlı döyüşçü olduğu üçün və silahla düzgün rəftar etdiyinə görə Şirin Mirzəyev onu da gənc əsgərləri öyrətmək üçün tədris batalyonuna yazdı. Baxmayaraq ki, Mikayıl tədris batalyonunda idi, lakin hər axşam ratsiya ilə kəndin vəziyyətini soruşardu. Döyüşlərin nə yerdə olduğu ilə maraqlanardı”.

Qəhrəman döyüşçü yalnız Ağdam kəndlərində deyil, Ağdərə, Xocavənd rayonunun kəndlərinin qorunmasında da iştirak edib. Əmirallar, Manik, Küçan, Abdal-Gülablı, Ağbulaq, Pircamal, Aranzəmin, Naxçıvanik döyüşlərində iştirak edib. Qardaşı deyir ki, o, heç bir döyüşdən qalmaq istəmirdi:

“1992-ci il mayın 15-də ermənilər Abdal-Gülablı kəndini işğal etdilər. Həmin vaxt Şirin Mirzəyev kəndi qaytarmağımızın vacib olduğunu vurğuladı və biz bütün gücümüzlə kəndə hücum edib təzədən geri qaytarmağa başladıq. Həmin vaxt Mikayıl da tədris batalyonunda olmasına baxmayaraq, kömək üçün kəndə gəlib bizimlə bərabər döyüşməyə başladı. Və biz Abdal-Gülablı kəndini geri alaraq erməniləri oradan təmizlədik. Mikayıl axşama qədər bu döyüşdə iştirak etdi. Axşam qayıdanda qrad mərmisi onun yanına düşür və qardaşım torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalır.

Mikayıldan başqa kəndimizdən şəhidlərimiz çox olub. Mikayılın elə həmyaşlarından Əliyev Vüqar Mirələm oğlu, Hüseynov Sabir ağa oğlu, Əliyev Elmir Famil oğlu, Köçəriyev Zülfüqar Binnət oğlu, Nurməmmədov Saleh Əhməd oğlu, Əliyev Hüseyn Həsən oğlu. Çox təəssüflər ki, bu adlar çoxluq təşkil edir. Heyif ki, bizim Mikayıl kimi, Sabir kimi, Vüqar kimi, Elmir kimi oğlanlarımız şəhid oldu. Amma təsəllimiz budur ki, qəhrəman oğullarımız doğma torpaqlarımız uğrunda ən uca zirvəni fəth etdilər”.

Şəhidlik zirvəsi müqəddəs bir məqamdır. Bu zirvəyə ucalan insan ölmür, əksinə əbədiyyət qazanır. Mikayıl da öz qanı ilə torpağı suvararaq adını tarixə yazdı. Onun canı bahasına qorunan torpaq bu gün azaddırsa, bu azadlıqda onun da payı var. Şəhidin həyatı yarımçıq qalsa da, idealları tamamlanmış, arzusu gerçəkləşmişdir. Çünki Vətən sağdır, bayraq dalğalanır, xalq başı dik yaşayır.

Şəhid ailələri xalqımız üçün müqəddəsdir. Mikayılın valideynləri belə bir igid övlad yetişdirdikləri üçün qürur duyurlar. Onların kədəri böyük olsa da, oğullarının Vətən yolunda şəhid olması bu kədəri ucalığa çevirir. Azərbaycan xalqı hər zaman şəhidlərini yad edir, onların xatirəsini əziz tutur. Məktəblərdə, tədbirlərdə, anım günlərində bu igidlərin adı hörmətlə çəkilir. Çünki şəhidlər xalqın mənəvi dayağıdır.

Şəhidlik anlayışı Azərbaycan xalqının tarixində xüsusi yer tutur. Bu torpaq əsrlər boyu igidlərin qanı ilə qorunub. Mikayıl Ənvər oğlu da həmin qəhrəmanlıq ənənəsinin davamçısıdır. Onun həyat yolu gənclərə örnəkdir. Vətəni sevmək təkcə sözlə deyil, əməl ilə sübut olunur. O, bunu öz həyatı ilə göstərdi. Çətinlikdən qaçmadı, təhlükə qarşısında geri çəkilmədi, son ana qədər mübarizə apardı.

Bu gün azad səma altında rahat yaşayırıqsa, bu rahatlığın arxasında şəhidlərin qanı dayanır. Onların fədakarlığı unudulmadıqca, Azərbaycan daha da güclənəcək. Mikayılın adı gələcək nəsillərin yaddaşında Vətən sevgisinin simvolu kimi yaşayacaq. Onun qəhrəmanlığı yalnız ailəsinin deyil, bütün xalqın qürur mənbəyidir.

Hər dəfə üçrəngli bayrağımız dalğalananda, hər dəfə Dövlət Himni səslənəndə şəhidlərin ruhu qarşısında baş əyirik. Çünki bu müqəddəs dəyərlər onların canı bahasına qorunur. Mikayıl Ənvər oğlu da həmin müqəddəs zirvədə, şəhidliyin ən uca məqamında öz yerini aldı. O, cismani olaraq aramızda olmasa da, ruhu daim Vətənin keşiyindədir.

Şəhidlər ölməz, Vətən bölünməz deyimi təsadüfi yaranmayıb. Bu sözlərin arxasında Mikayıl kimi igidlərin taleyi dayanır. Onların həyatı qısa ola bilər, lakin mənası sonsuzdur. Şəhidlik zirvəsinə ucalmaq hər insana qismət olmur. Bu zirvə yalnız seçilmiş, cəsur və imanlı Vətən oğullarına nəsib olur.

Rüstəmov Mikayıl Ənvər oğlunun xatirəsi daim qəlblərdə yaşayacaq. Onun göstərdiyi igidlik, sədaqət və vətənpərvərlik gələcək nəsillərə yol göstərəcək bir mayakdır. Azərbaycan xalqı belə oğulları ilə fəxr edir və onların müqəddəs xatirəsini hər zaman uca tutur. Vətən uğrunda canından keçən hər bir şəhid kimi, Mikayıl da tariximizin şərəfli səhifəsində əbədi yaşayacaq.

Şəhidlər ölməz, çünki onların idealları yaşayır. Onların arzusu azad və güclü Azərbaycan idi. Bu amal hər bir gəncin qəlbində yaşadıqca Vətən də bölünməz qalacaq. Şəhidlərin ruhu qarşısında baş əyərək demək olar ki, onların canı bahasına qorunan torpaq əbədi olaraq bizimdir və bizim olaraq qalacaq.

Elnurə İSAXAN

 

 

 

 

 



Seçilən
17
herbiand.az

1Mənbələr