Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ölkənin kollektiv yaddaşının, milli kimlik anlayışının və dövlətçilik düşüncəsinin formalaşmasına ciddi təsir göstərən hadisələrdən hesab olunur. Bu faciə illər keçsə də cəmiyyətin yaddaşında yalnız tarixi hadisə kimi deyil, həm də təhlükəsizlik, milli birlik və güclü dövlət ideyasının vacibliyini xatırladan mühüm dərs kimi qalır.
Mövzunu KONKRET.az-a şərh edən tarixçi-alim Faiq Ələkbərli Xocalı soyqırımının uzunmüddətli ictimai-siyasi təsirlərinə aydınlıq gətirib.

“Xocalı faciəsinin Azərbaycan cəmiyyətinə təsirini düzgün qiymətləndirmək üçün hadisənin tarixi və siyasi mahiyyətini dərindən anlamaq vacibdir.
Faciə təkcə bir hərbi hadisə deyil, həm də son əsrlərdə regionda baş verən siyasi zəifləmələrin və dövlətçilik ənənələrinin sarsılmasının nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı güclü dövlətçilik mərhələlərində belə faciələrlə üzləşməyib, zəifləmə dövrlərində isə xarici təsirlərə daha açıq olub”.
F. Ələkbərli qeyd edib ki, son əsrlərdə türk-müsəlman dövlətlərinin parçalanması, Azərbaycan torpaqlarının bir hissəsinin çar Rusiyası dövründə işğal altına düşməsi regiondakı siyasi balansı dəyişib.
“Sonrakı mərhələlərdə müxtəlif böyük güclərin – o cümlədən Rusiya, Böyük Britaniya, ABŞ və Fransa kimi dövlətlərin geosiyasi maraqları bölgədə qarşıdurmaların dərinləşməsinə təsir göstərib.
Xocalı faciəsi Azərbaycan cəmiyyətində kollektiv yaddaşın formalaşmasına, vətənpərvərlik anlayışının güclənməsinə və təhlükəsizlik məsələlərinə yanaşmanın dəyişməsinə səbəb olub. Hadisədən çıxarılan əsas nəticə güclü dövlət quruculuğunun vacibliyidir.
Tariximiz göstərir ki, dövlət güclü olduqda milli yaddaş və vətənpərvərlik də daha möhkəm olur. Bu cür faciələrin təkrarlanmaması üçün əsas yol güclü dövlətçilik və milli birliyin qorunmasıdır”, – deyə tarixçi bildirib.
F. Ələkbərli əlavə edib ki, Xocalı faciəsi yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək təhlükəsizlik siyasətinin formalaşmasına təsir edən mühüm tarixi dərs kimi qiymətləndirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.