AZ

Gəncənin mədəniyyət işçiləri Memorial Kompleksdə

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Memorial Kompleksində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirə toplaşan hər kəsin simasında dərin hüzn və ehtiram hiss olunurdu. İdarənin rəhbərliyi və əməkdaşları, mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları bu ağır tarixi birlikdə yad etmək üçün bir araya gəliblər.

Əvvəlcə kompleks ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi sükutla yad edilib. O anlarda sanki zaman dayanmışdı – hər kəs 1992-ci ilin fevralında baş verən o dəhşətli gecənin ağrısını bir daha qəlbində hiss edirdi.

Daha sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Fotoşəkillər, sənədlər və ekspozisiyada yer alan materiallar o günlərin ağrısını sözsüz şəkildə danışırdı. Kompleksdə fəaliyyət göstərən muzeyə baxış zamanı da faciənin miqyası və insan talelərində buraxdığı izlər bir daha xatırlandı.

Çıxış edənlər vurğulayıblar ki, Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu həqiqətləri yaşatmaq, gələcək nəsillərə çatdırmaq və şəhidlərimizin xatirəsini daim uca tutmaq hər birimizin mənəvi borcudur.

Tədbir vətənpərvərlik ruhunda təqdim olunan ədəbi-bədii kompozisiyalarla başa çatıb. Səslənən şeirlər və musiqilər anım mərasiminə xüsusi duyğu qatıb, Xocalı şəhidlərinin xatirəsinə ehtiramın ifadəsinə çevrilib.

Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr