Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatına görə, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,35 % artıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,6 % olub. Rəqəmlər ilk baxışda yüksək risk siqnalı kimi görünməsə də, artım dinamikası diqqət çəkir.
Maraqlıdır, problemli kreditlərin artmasının səbəbi nədir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin artmasının bir çox səbəbləri var:

“Problemli kreditlərin həcminin artması bir neçə əsas amillə bağlıdır. Bunlardan biri bank sektorunun kredit siyasətidir, yəni bəzi hallarda banklar riskləri düzgün qiymətləndirmədən kredit verirlər. Digər səbəb yüksək faiz dərəcələridir, bu isə borcalanların əsas və faiz ödənişlərini vaxtında yerinə yetirməsini çətinləşdirir.
Makroiqtisadi risklər, məsələn, iqtisadi durğunluq, inflyasiya və valyuta dalğalanmaları, borcalanların maliyyə yükünü artıraraq problemli kreditlərin çoxalmasına təkan verir. Əhalinin real gəlirlərinin zəif artması onların ödəmə qabiliyyətini məhdudlaşdırır və vaxtı keçmiş kreditlərin artmasına səbəb olur. Yəni əhalinin real gəliri azalıb, xərclər isə artıb. Qiymətlərin və xərclərin artması, maaşların isə real şəkildə artmaması problemli kreditlərin həcminə təsir edən amillərdəndir”.
Ekspert qeyd edib ki, problemli kreditlər yalnız vətəndaşların kreditləri ilə məhdudlaşmır:
“Bura istehlak kreditləri və həmçinin sahibkarların kreditləri də buna daxildir. Azərbaycanda hazırda sahibkarlıq üçün normal şərait mövcud deyil və vəziyyət get-gedə pisləşir. Problemli kreditlərin artması həm əhalinin, həm də sahibkarların ödəmə qabiliyyətinin zəifləməsi və iqtisadi şəraitin əlverişsizliyi ilə bağlıdır”.