AZ

Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunub ŞƏRH

Bakı, 25 fevral, AZƏRTAC

26 Fevral Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, ahıllar xüsusi qəddarlıqla qətlə yetirilib. Rəsmi statistikaya əsasən, 613 nəfər öldürülüb, minlərlə insan yaralanıb, əsir və girov götürülüb, ailələr tamamilə məhv edilib.

Deputatın fikrincə, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət bütün insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır bir vəhşilik aktıdır.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərarın qəbul olunması ilə bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilib. Hər il 26 fevral saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsinin elan olunması xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir.

Fatma Yıldırım xüsusi olaraq vurğulayıb ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir.

“Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Xocalıda həyat yenidən canlanır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərin məskunlaşması prosesi inamla davam edir. Xocalı bu gün dirçəlişin, qayıdışın və qalib Azərbaycanın gücünün simvollarından biridir.

“2025-ci ildə Prezident İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” imzalanmış Sərəncam isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır”, - deyən Fatma Yıldırım vurğulayıb ki, bu memorial gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq. Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Seçilən
31
3
azertag.az

4Mənbələr