AZ

Kaxetidə Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilir

Gürcüstanın Kaxeti regionunda 7-ci Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu təşkil olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Tsinandali Estate, A Radisson Collection Hotel"də keçirilən tədbirdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat, eləcə də hər üç ölkədən olan iş adamları iştirak edirlər.

Ümumilikdə, foruma üç ölkədən 400-ə yaxın nümayəndə, o cümlədən 300-ə yaxın iri şirkətin təmsilçisi qatılıb.

Forum çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması, ticarət dövriyyəsinin inkişafı və birgə layihələrin perspektivləri müzakirə olunacaq. Tədbir üçtərəfli iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Biznes forumu Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi iri regional layihələrlə möhkəmlənmiş üçtərəfli strateji tərəfdaşlığın iqtisadi komponentinin daha da gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Həmçinin, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və regionda həyata keçirilən nəqliyyat-logistika təşəbbüsləri fonunda üç ölkə arasında koordinasiyanın artırılması xüsusi əhəmiyyət daşıyır.

Tsinandalidə baş tutan görüşün üç ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına, ixrac imkanlarının genişlənməsinə və yeni birgə layihələrin formalaşmasına əlavə təkan verəcəyi bildirilir.

Forum çərçivəsində enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və logistika sahələrində əməkdaşlıq imkanlarının da müzakirəsi gözlənilir. Biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və B2B görüşlərin təşkili isə real layihələrin icrasına zəmin yarada bilər.

Qeyd edək ki, 6-cı Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu 2021-ci ildə Bakıda keçirilib.

Seçilən
42
2
far.az

3Mənbələr